Qiymətli kağızların buraxılışı ilə bağlı sertifikatlı təlim keçirilib
Bakı, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Bakı Fond Birjası və “AzFinance” investisiya şirkəti tərəfindən kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün “Qiymətli kağızların buraxılışı və Fond Birjasında listinq” mövzularında onlayn sertifikatlı təlim keçirilib. Təlimdə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Bakı Fond Birjası və “AzFinance” investisiya şirkətinin əməkdaşları tərəfindən kapital bazarı ilə bağlı ümumi məlumat, qiymətli kağızların buraxılışı, onların birjada listinqə alınması proseduru və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı məlumat verilib. Tədbirin əsas məqsədi yerli şirkətlərə alternativ maliyyələşmə üsullarını təqdim etmək və bu istiqamətdə beynəlxalq təcrübəni bölüşməkdir.
Qeyd edək ki, Bakı Fond Birjası əməkdaşlıq etdiyi investisiya şirkətləri və KOBİA ilə birlikdə kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin aşılanması və fond birjasında listinqin təşviq edilməsi məqsədilə mütəmadi olaraq ödənişsiz təlimlər təşkil edir.