MƏDƏNİYYƏT
“QIZIL ƏLLƏR” SƏNƏT YARMARKASI KEÇİRİLMİŞDİR
Bakı, 3 aprel (AZƏRTAC). Aprelin 3-də Sahil bağında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələrindən ibarət Tələbələr Azad Sahibkarlıq Fəaliyyətində (SİFE) komandasının və Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Qızıl əllər” sənət yarmarkası keçirilmişdir.
SİFE komandasının rəhbəri Sənan Əhmədov bildirmişdir ki, Ramana Əlillər Evinin, Əlil Qadınlar Cəmiyyətinin, Əlil Uşaqlar və Gənclərlə iş Mərkəzinin istedadlı üzvlərinin əl işlərindən ibarət bu yarmarkanın məqsədi fiziki cəhətdən qüsurlu insanlara maddi və mənəvi dəstək olmaqdır. Bu, 30-a yaxın tələbəni özündə birləşdirən komandanın keçirdiyi üçüncü yarmarkadır. Yarmarkadan əldə olunan gəlir tamamilə əlillərə çatır.
Yarmarkada nümayiş olunan toxuculuq və əllə tikmə işləri, rəsmlər, bəzəkli suvenirlər, həsir işləmələr, ağacdan düzəldilmiş əşyalar Bakı sakinlərinin və qonaqların diqqətini cəlb etmişdir.
S.Əhmədov bildirmişdir ki, aprelin ortalarında əlillərin əl işlərinin hərraca çıxarılması üçün böyük bir yarmarkanın təşkili nəzərdə tutulur.