İDMAN
Qol güləşi üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Bakı, 9 may, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə qol güləşi üzrə Azərbaycan çempionatı keçirilib. Çempionatda respublikamızın 30-dan artıq bölgəsini təmsil edən 200-ə yaxın idmançı iştirak edib.
AZƏRTAC xəbər verir ki, çempionatın birinci günündə Avropa Qol Güləşi Federasiyasının vitse-prezidenti, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədovun rəhbərliyi ilə idmançılar Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.
Yarışın açılış mərasimində Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Cəsarət Əhmədov çıxış edərək iştirakçılara uğurlar arzulayıb. Federasiya rəhbəri qazanılan uğurların davamlı olması, ölkəmizin daha da inkişaf etməsi üçün xalqımızın, o cümlədən Azərbaycan gəncliyinin dövlətimizin İlham Əliyevin ətrafında da daha sıx birləşməsinin vacibliyini qeyd edib.
Sonra yarışlara start verilib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda bütün çəki dərəcələrində Azərbaycanın ən güclüləri müəyyən olub. Qaliblər diplom və medallarla təltif ediliblər.