Qrant vəsaiti ilə alınan malları satan şirkət hansı sənədləri tələb etməlidir?
Bakı, 6 iyun, AZƏRTAC
Təcrübədə bir şirkətin əməkdaşlıq etdiyi digər təşkilatın ona qrant vəsaiti ilə çalışdığını bildirməsi kimi hallara rast gəlirik. Həmin təşkilat mallara (işlərə, xidmətlərə) görə ƏDV-nin sıfır dərəcə ilə cəlb edilməli olduğunu tələb edir. Bəs bu halda malları satan şirkətin mühasibatı qarşı tərəfdən hansı sənədlər tələb etməlidir?
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzunu şərh edən vergi mütəxəssisi İlqar Əsədovun sözlərinə görə, ƏDV-yə sıfır dərəcə ilə cəlb edilmə əməliyyatları ilə bağlı mühasiblər daha çox ehtiyat edirlər. Bəzən hədsiz narahatlıq qarşı tərəfdən əsassız sənədlərin tələb edilməsinə, yaxud onlarla əməliyyatların həyata keçirilməməsindən imtinaya gətirib çıxarır: “Əsassız tələb edilən sənədlərdən biri də ƏDV-nin sıfır dərəcəsi ilə bağlı sertifikatdır. Bu cür hallarda mühasiblərin tərəfdaş təşkilatlardan sıfır faiz sertifikatı tələb etməmələri düzgün deyil: çünki bu əməliyyat üçün qanunvericiliklə belə bir sertifikat müəyyən edilməyib. Qrant müqaviləsi üzrə vəsait əldə etmiş təşkilat resipiyent qismində malları (işləri, xidmətləri) ƏDV-yə sıfır dərəcə ilə cəlb edilmiş formada əldə etmək istəyirsə, ondan qrant müqaviləsini və həmin müqavilənin dövlət qeydiyyatına alınması barədə bildirişi tələb etmək kifayətdir”.
Vergi mütəxəssisi, həmçinin əlavə edib ki, müqavilələrin qeydə alınması kommersiya qurumlarına, publik hüquqi şəxslərə münasibətdə İqtisadiyyat Nazirliyi, dini qurumlara münasibətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.