REGİONLAR
Qubada görkəmli ədib Həsən bəy Zərdabinin xatirəsi əbədiləşdirilib












Quba, 22 iyul, Elxan Yusifli, AZƏRTAC
22 iyul - Milli Mətbuat Günündə Quba rayonunun Zərdabi qəsəbəsində görkəmli ədib Həsən bəy Zərdabinin abidəsinin açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir, abidə Azərbaycanda milli mətbuatın banisi Həsən bəy Zərdabinin adını daşıyan və tamamilə yenidən qurulmuş istirahət parkında ucaldılıb.
Pandemiya dövrünün tələblərinə uyğun keçirilən mərasimdə yerli icra hakimiyyətinin rəhbər şəxsləri, regiondakı mətbuat və media qurumlarının əməkdaşları iştirak ediblər.
Məlumat verilib ki, görkəmli ədibin xatirə kompleksinin mərkəzində postament üzərində qoyulan abidənin hündürlüyü 1,65 metrdir. Abidənin müəllifi heykəltəraş-rəssam Şıxəli Təhməzovdur.
Üç hektar ərazisi olan parkda sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgahlar, dekorativ yaşıllıqlar, uşaq əyləncə mərkəzi, oyun meydançaları yaradılıb. Parka səki daşları döşənib, idman sahələri salınıb. Parkın abadlaşdırılması ilə yanaşı, 2 kilometr uzunluğundakı qəsəbədaxili yolun asfaltlanması da həyata keçirilib.
Çıxışlarda bildirilib ki, 145 il əvvəl əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan Azərbaycan mətbuatı ötən hər ildə yeni-yeni keyfiyyət göstəriciləri əldə edib. Prezident İlham Əliyevin qayğısı sayəsində milli mətbuatımız sürətlə inkişaf edir. Dövrün nəbzini tutmağı bacaran, əsil həqiqətləri dünya ictimaiyyətinə dolğun şəkildə çatdıran jurnalist kadrlar yetişib. Bu isə özünü bölgə nəşrlərinin timsalında da göstərir.
Diqqətə çatdırılıb ki, Azərbaycanın rayonları arasında ilk dəfə qəzet Qubada nəşr olunub. 1921-ci ilin aprelin 21-də “Əxbar” adı ilə işıq üzü görən bu mətbu orqan, sonrakı vaxtlarda “Yeni dirilik”, “Kollektivləşmə yolu”, “Şəfəq”, “Qızıl Quba” və “Quba” adlandırılıb. 1995-ci ildən isə qəzet “Şəfəq” adı ilə nəşr olunur.
Görüşdə regionda fəaliyyət göstərən jurnalistlər çıxış edərək ölkəmizdə media nümayəndələri üçün yaradılan şəraitdən söz açıblar.
Həsən bəy Zərdabi 1868-ci ildə Qubada məhkəmə katibi vəzifəsində işləyib. Onun adını daşıyan, 5 min nəfərdən çox əhalinin yaşadığı qəsəbə Qubanın ən böyük yaşayış məntəqələrindəndir.
Hazırda Zərdabi qəsəbəsində 850 şagird yerlik yeni məktəb binasının inşası da davam edir. Üçmərtəbəli məktəb binasının tikintisinin növbəti tədris ilinə kimi başa çatdırılması nəzərdə tutulub.