Qubada karantin rejiminin tələblərini pozan 146 nəfər cərimələnib
Bakı, 18 aprel, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, şöbə əməkdaşları gün ərzində rayon ərazisində, eləcə də rayonlararası müvəqqəti quraşdırılmış stasionar postlarda gücləndirilmiş iş rejimində çalışır, təyin olunmuş qaydalara əməl olunmasına nəzarət edirlər.
Bu tədbirlərlə yanaşı xüsusi rejim çərçivəsində polis əməkdaşları tərəfindən müvafiq icazə olmadan yaşayış yerlərini tərk edən, həmçinin nəqliyyat vasitələrini səbəbsiz yerə idarə edən vətəndaşlar da aşkarlanıb. Belə ki, aprelin 18-dək xüsusi karantin rejiminin tələblərini pozan 146 vətəndaş barəsində Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunaraq, həmin şəxslər məsuliyyətə cəlb olunublar.