CƏMİYYƏT
Qubada özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub
Bakı, 13 dekabr, AZƏRTAC
Ötən dövrdə Quba rayonunda 2,3 minədək şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov özünüməşğulluq proqramı çərçivəsində Quba rayon sakinləri - müharibə veteranı Mətləb Muradov və Sevda Gülməmmədova üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.
Bu barədə AZƏRTAC-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Biznes planlarına uyğun olaraq M.Muradov avtoelektrik xidmətləri, S.Gülməmmədova isə un məmulatları istehsalı üzrə aktivlərlə təmin olunaraq kiçik təsərrüfatlarını qurublar.
Hər iki proqram iştirakçısı verilmiş aktivlərdən düzgün faydalanaraq kiçik bizneslərini genişləndirməyə çalışdıqlarını qeyd ediblər. Onlar işsiz və işaxtaran şəxslərin məşğulluğunun təminatı, həmçinin təsərrüfatlarını qurmaları üçün göstərilən dəstəyə görə dövlətimizin başçısına təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, ötən dövrdə Quba rayonunda 2,3 minədək şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.