QUBADLI RAYONUNDAN OLAN BİRİNCİ KURS TƏLƏBƏLƏRİ İLƏ GÖRÜŞ
AZƏRTAC xəbər verir ki, sentyabrın 8-də Sumqayıtdakı Nəriman Nərimanov adına Mədəniyyət evində Qubadlı rayonunun ictimaiyyəti ilə bu il ölkənin ali məktəblərinə qəbul olunmuş gənclərin görüşü olmuşdur. Cari ildə əslən Qubadlıdan olan 113 abituriyent tələbə adı qazanmışdır. Onlardan 16 nəfəri 500-dən çox, 5 nəfəri isə 600-dən yuxarı bal toplayaraq ali məktəblərə daxil olmuşdur.
Rayon icra hakimiyyətinin başçısı Malik İsaqov birinci kurs tələbələrini təbrik edərək, Azərbaycanda təhsilə göstərilən qayğıdan söhbət açmışdır. O, demişdir ki, dövlətimizin başçısı İlham Əliyev ölkəmizdə təhsil sahəsini də daim diqqət mərkəzində saxlayır. Heydər Əliyev Fondu və onun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın böyük səmərəli işi də qeyd edilmişdir.
Əhalisinin əksəriyyəti müvəqqəti olaraq Sumqayıtda yerləşdirilmiş Qubadlı rayonunun təhsil müəssisələrinin maddi-texniki bazasını möhkəmlətmək üçün çox iş görülmüşdür. Belə ki, təkcə son altı ildə 20 məktəb binası tikilmişdir. Yeni dərs ilinin əvvəlində daha üç tədris müəssisəsi istifadəyə veriləcəkdir.
“Ultra” firmasının prezidenti, əslən Qubadlı rayonundan olan Tahir Mirkişiyev qəbul imtahanlarında ən yüksək göstəricilər əldə etmiş beş tələbəyə kompyuter bağışlamışdır, digər tələbələrə rayon icra hakimiyyəti adından qiymətli hədiyyələr verilmişdir.