“Qüdrətli” erməni diasporunun ağalıq dövrü ən azı Macarıstanda başa çatmışdır
Budapeşt, 16 may (AZƏRTAC). Son onillikdə bütün sahələrdə əla nəticələr nümayiş etdirən Azərbaycan dostlarını ürəkdən sevindirir və onların səmimi hörmətini, neytral müşahidəçilərin heyranlığını, düşmənlərin isə paxıllığını qazanır. Azərbaycan yüksələn xətt üzrə irəlilədiyi halda qonşu Ermənistan eyni sürətlə iqtisadi uçuruma yuvarlanır. Bu gün Ermənistan kədərli bir gülməcənin qəhrəmanını xatırladır. Həmin zavallı özünün bir inəyi olmasını yox, qonşusunun inəyinin ölməsini arzulayır. Son illərdə, o cümlədən diplomatik sahədə üzləşdiyi bütün uğursuzluqlara görə əsəbiləşərək az qala qıc olmaq dərəcəsinə çatan erməni təbliğat maşını Ermənistanın cüzi uğurlarını şişirtməyə, Azərbaycanın nailiyyətlərini isə kiçiltməyə çalışır. Onun əlindən bundan başqa nə gəlir ki?! Ermənistan özünün hədsiz ambisiyaları ilə elə bir düyünə düşmüşdür ki, oradan çıxmaq hələ uzun müddət müşkül olacaqdır.
Erməni diplomatiyasının bu cür kədərli vəziyyətinə aid nümunələrin sayı-hesabı yoxdur. Bir misal göstərək: bu ölkənin Xarici İşlər Nazirliyi və KİV-ləri beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar, Azərbaycanın ərazi bütövlüyünü və işğal edilmiş Dağlıq Qarabağın Azərbaycana mənsub olmasını birmənalı şəkildə təsdiqləyən haqlı qətnamələr qəbul edilməsinə kəskin münasibət bildirmişlər. Hazırda bu cür sənədlərin sayı 10-u keçmişdir. Gələcəkdə onların sayının daha da artacağına əsla şübhə etmirik.
Təəccüblü deyildir ki, nüfuzlu beynəlxalq təşkilatların ardınca milli parlamentlər və hökumətlər də öz sözünü deməyi qərara almışlar. 2009-cu ildə Almaniya Bundestaqı tərəfindən qəbul olunmuş xüsusi qətnamədə qeyd edilmişdir ki, Cənubi Qafqazda münaqişələr dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında tənzimlənməlidir. İtaliya və Litva parlamentləri də buna oxşar qətnamələr qəbul etmişlər. ABŞ Dövlət Departamenti hər il öz hesabatında təsdiqləyir ki, bu ölkə işğal edilmiş Dağlıq Qarabağın Azərbaycana mənsub olmasını tanıyır. Rumıniya Prezidenti Trayan Besesku bu yaxınlarda hər şeyi öz adı ilə adlandıraraq, “Dağlıq Qarabağ - Azərbaycandır” deməklə erməni sosiumunun əsəbləri ən zəif olan hissəsini qəzəbləndirmişdir. Aİ üzvü olan ölkələrin demək olar ki, hamısının xarici siyasət idarələri öz vətəndaşlarına işğal edilmiş ərazilərə getməməyi, özəl sektorun nümayəndələrinə isə həmin regiona sərmayə qoymamağı tövsiyə edirlər.
Erməni KİV-ləri bu günlərdə Macarıstan Parlamentindən incimişlər (belə yerdə deyərlər “inciyən soyuq su içsin”...). Səbəb də budur ki, Macarıstan Parlamenti Ermənistanın Azərbaycana qarşı təcavüzünün, Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsinin, etnik təmizləmələr aparılmasının və Xocalıda insanlığa qarşı cinayət törədilməsinin pislənməsi haqqında qətnamə layihəsini müzakirə üçün qəbul etmişdir. Hazırda həmin sənəd parlamentin beynəlxalq məsələlər üzrə komissiyasına göndərilmişdir.
Macarıstanın erməni icması rəsmi səviyyədə bu ölkədəki 13 milli azlıqdan biri elan edilmişdir və ermənilərin bu ölkədə kifayət qədər güclü təsirə malik olan diasporu vardır. Buna baxmayaraq, Azərbaycanın Macarıstandakı səfirliyinin fəallığını xüsusi qeyd etməliyik. Səfirlik belə bir şəraitdə Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında həqiqəti macar xalqına, o cümlədən bu ölkənin siyasi elitasına çatdırmağa nail olmuşdur. Azərbaycanın diplomatik nümayəndəliyinə qarşı mütəmadi hücumlar edən erməni jurnalistləri özlərinə xas əda ilə də olsa etiraf etməyə məcbur olmuşlar ki, istər erməni diplomatlar, istərsə də erməni diasporu bizim Macarıstandakı diplomatların fəallığı müqabilində heç bir əks dəlil göstərə bilmirlər.
Hazırda Macarıstan Parlamentinin gündəliyində olan qətnamə layihəsinin nə ilə nəticələnəcəyindən asılı olmayaraq milli parlamentlərin Ermənistan-Azərbaycan münaqişəsində həmin ölkələrin ədalətli mövqeyini əks etdirən, Bakının işğal edilmiş Dağlıq Qarabağ üzərində öz suverenliyinin bərpa edilməsinə yönəlmiş səylərini dəstəkləməkdə ifadə olunan bu mövqeyi əks etdirən sənədlər qəbul etməyə başlamışlar. Bu faktın özü ona dəlalət edir ki, erməni diasporu və muzdlu erməni lobbisinin dünya birliyinin məlumatsızlığından istifadə edərək öz səylərini birləşdirib dünya ictimaiyyətinin “başını xarab etdiyi”, onu çaşdıra bildiyi vaxtlar artıq keçmişdir. Futbol meydanında başqa komanda olmadığından oyunun bir qapıya getdiyi vaxtlar bitmişdir. Ermənilər dünya səhnəsində getdikcə güclənən Azərbaycan diasporu və Azərbaycan dövlətinin peşəkar diplomat kadrlarla gücləndirilmiş diplomatik nümayəndəliklərinin sayının get-gedə artması amili ilə hesablaşmağa məcburdur.
Azərbaycanın mövqeyini dəstəkləyən qətnamələr artan bir vaxtda erməni tərəfi bircə qətnamə də göstərə bilməz ki, orada Dağlıq Qarabağın Azərbaycanın tərkibinə daxil olmaması barədə kiçik də olsa bir eyham gözə dəysin. Məgər bu fakt erməni diplomatiyasının və onun təbliğat maşınının biabırçı məğlubiyyətinə sübut və tərifli erməni diasporunun acizliyinin əlaməti deyildirmi?
Əgər ermənilərin mövqeyi ədalətli olsaydı, onda Macarıstan parlamentinin gündəliyinə erməni separatçılarının Dağlıq Qarabağda müstəqil monoetnik dövlət yaratmaq hüququ haqqında sənədin layihəsi çıxarılardı. Lakin indiyə qədər belə olmamışdır və heç vaxt olmayacaqdır. Bir daha təkrar edirik, əgər Macarıstan Parlamentinin beynəlxalq məsələlər üzrə komissiyasının müzakirəsinə göndərilmiş qətnamənin layihəsi nəticə etibarı ilə bu və ya digər səbəbdən bütün Macarıstan Parlamenti tərəfindən qəbul edilməsə belə, macar deputatların belə bir sənəd layihəsini müzakirə etməsi faktının özü bu ölkədə və ümumiyyətlə, Avropada əhval-ruhiyyənin göstəricisidir. Bu isə erməni diplomatiyasının məğlubiyyətinə dəlalət edən meyldir.
Ümid edirik ki, bu meyl dönməz olacaqdır. Burada artıq heç bir diaspor, heç bir muzdlu lobbiçi kömək edə bilməz.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt