“Qurani-Kərim”in Azərbaycan türkcəsinə ilk tərcüməsi Ağqoyunlu hökmdarı Uzun Həsənin dövründə olub
Bakı, 12 iyul, AZƏRTAC
“Qurani-Kərim”in Azərbaycan türkcəsinə ilk tərcüməsi Ağqoyunlu hökmdarı Uzun Həsənin dövründə, onun əmri ilə olunub. Bu məlumat son dövrlərdə aparılan tədqiqatların nəticəsidir.
Cənubi Azərbaycandan olan Quran araşdırmaçısı Mirzə Rəsul İsmayılzadənin apardığı tədqiqatlar əsasında məlum olub ki, Uzun Həsənin sifarişi ilə edilən Quranın tərcüməsində türk dilinin Şərq və Qərb dialektlərindən, müxtəlif türk ləhcələrindən istifadə edilsə də, bu Quran tərcüməsi əsasən Azərbaycan türkcəsinin nümunəsi sayıla bilər. Bu tərcümə əsərinin məlum olan yeganə nüsxəsi İranın Məşhəd şəhərində İmam Rza Muzeyində mühafizə olunur.
Bu barədə AZƏRTAC-a müsahibəsində Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi, dosent Əli Fərhadov məlumat verib.
Ə.Fərhadov bildirib ki, 356 səhifədən, iki cilddən ibarət olan nəşrin bir cildi günümüzə gəlib çatıb. Tərcüməçinin adı məlum deyil, amma xəttatı Məhəmməd ibn Yusifdir. Nəşrdə “Allah” adı qızıl su ilə yazılıb, surələrin adları qızıl su ilə və müxtəlif ornamentlərlə yazılıb, bəzədilib. Bu bəzəklər surə və ayələrin bir-birindən ayrılması üçün istifadə edilib.
Məşhəddə qorunan həmin Quran əlyazması xəttatlıq və tərcümə baxımından xüsusi əhəmiyyətə malikdir və onun tədqiqi Azərbaycan türkcəsinin orta əsrlərdə saraylarda və mədrəsələrdə elm və din dili kimi işlədilməsini sübut edir.