DÜNYA
Qurban bayramı münasibətilə Dubayda 430 məhbus əfv olunub
Əbu-Dabi, 6 avqust, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş Naziri, Dubayın əmiri şeyx Məhəmməd bin Rəşid Al Maktum qarşıdan gələn Qurban bayramı münasibətilə müxtəlif millətlərdən olan 430 məhbusun azad edilməsi barədə göstəriş verib.
AZƏRTAC WAM dövlət informasiya agentliyinə istinadla xəbər verir ki, Dubayın Baş prokuroru Essam İssa al-Humaydan bu barədə məlumat verib. O bildirib ki, Dubay əmirinin məhbusların əfv edilməsi barədə qərarı onlara yeni həyata başlamağa, onların ailələrinin əziyyətini yaxşılaşdırmağa və yenidən cəmiyyətə inteqrasiya etmələrinə kömək göstərməyə yönəlib. Baş prokuror, həmçinin deyib ki, Dubay prokurorluğu bu qərarın dərhal icrasının həyata keçirilməsi məqsədilə öz fəaliyyətini əmirliyin polisi ilə koordinasiya etməyə başlayıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi