Qurban bayramında Laçında heyvan kəsimi məntəqəsi fəaliyyət göstərəcək
Laçın, 26 may, AZƏRTAC
Qurban bayramı münasibətilə Laçın şəhərində fəaliyyət göstərəcək xüsusi məntəqədə heyvanların kəsimi və satışı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə razılaşdırılmış qaydada, baytarlıq nəzarəti altında həyata keçiriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Zerti” Aqro-Sənaye Parkında yerləşən modul tipli mobil kəsim məntəqəsi beynəlxalq qida təhlükəsizliyi, eləcə də gigiyena standartlarına tam cavab verir.
Müasir avadanlıqlarla təchiz olunan müəssisədə gün ərzində 120–180 baş heyvan kəsilməsi mümkündür. Burada kəsim prosesi heyvanların qəbulundan başlayaraq tam nəzarətli şəkildə təşkil olunub. Tullantıların idarə olunması, müasir drenaj və filtrasiya sistemi, həmçinin +4°C temperatur rejimində fəaliyyət göstərən soyuducu kameralar mövcuddur.
Məntəqə bayram günlərindən sonra da fəaliyyətini müntəzəm olaraq davam etdirəcək.
"Bakı Abadlıq Xidməti" tərəfindən "Zerti" Aqro-Sənaye Parkında yaradılan bu infrastruktur təhlükəsiz və nəzarətli heyvan kəsiminin təşkili, eləcə də əhalinin keyfiyyətli xidmətlə təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Müxbir-Aydın Yavərzadə