Quş qripi xəstəliyinin elmi risk qiymətləndirilməsi həyata keçirilib
Bakı, 5 iyul, AZƏRTAC
Qida Təhlükəsizliyi İnstitutu tərəfindən “Quş qripi xəstəliyinin elmi risk qiymətləndirilməsi” layihəsi hazırlanıb.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, layihə respublikada yüksək və aşağı patogenli quş qripi xəstəliyinin qarşısının alınması məqsədilə hazırlanıb.
Quş qripi - ev quşlarının və vəhşi quşların, eləcə də insanların və heyvanların həssas olduğu yoluxucu virus xəstəliyidir. Virusun spesifik bioloji xüsusiyyətlərə və yüksək mutagenliyə malik olması xəstəliyi hər zaman aktual edir. Quş qripi xəstəliyinin törədicisi Orthomyxoviridae ailəsinə, İnfluenza cinsinə aid olan RNT tərkibli yüksək mutagen virusdur. Quşlar arasında bu xəstəliyə ilin bütün fəsillərində təsadüf edilsə də, xəstəliyin geniş yayılması mövsümi xarakter daşımaqla quşların miqrasiyası ilə bağlı olur.
Qeyd edək ki, dünya üzrə köçəri quşların mövcud olan 8 miqrasiya marşrutundan 2-si Azərbaycan ərazisindən keçir. Nəzərə almaq lazımdır ki, xəstəliyin yayılmasında əsas risk zonaları köçəri quşların miqrasiya marşrutu boyu yerləşən ərazilər hesab edilir. Xəzər dənizi və çaylar boyu yerləşən ərazilərdə ev quşlarının virusayoluxma ehtimalı daha yüksəkdir. Hətta köçəri quşların çox az olduğu ərazilərdə bu xəstəliyə yoluxma ehtimalı böyükdür.
Sənəd layihəsində quş qripi xəstəliyinin yayılma mənbələri, o cümlədən köçəri quşların uçuş marşrutları, xəstəliyin xüsusiyyətləri, quş qripi virusuna məruzqalma, yüksək və aşağı patogenli quş qripinə qarşı mübarizə tədbirləri, həmçinin peyvəndləmə strategiyası barədə məlumatlar öz əksini tapıb.