REGİONLAR
Qusar Dövlət Ləzgi Dram Teatrı “Yaradan, yaşadan teatr” kompozisiyasını təqdim edib
Qusar, 9 mart, Elxan Yusifli, AZƏRTAC
Qusar Dövlət Ləzgi Dram Teatrı 10 Mart - Milli Teatr Günü münasibətilə tamaşaçılara Azərbaycan və ləzgi dillərində xüsusi kompozisiya təqdim edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, milli teatrımızın yaranmasının 149-cu ildönümü münasibətilə hazırlanan “Yaradan, yaşadan teatr” adlı səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Bayram tədbirində kollektiv Mirzə Fətəli Axundzadənin sevilən səhnə əsərlərindən parçalar nümayiş etdirib. Kompozisiyada müxtəlif tamaşalardan hissələrlə yanaşı, milli rəqslər, folklor nümunələri, həmçinin Azərbaycan və ləzgi dillərində mahnı və şeirlər yer alıb.
Milli Teatr Günü ilə əlaqədar tamaşaçılar Qusar Mədəniyyət Sarayında multikulturalizmi təbliğ edən folklor nümunələri və yerli əhalinin tarixi yaşam tərzini, xalq yaradıcılığını, folklorunu, sənətkarlığını əks etdirən sərgini izləmək imkanı da qazanıblar.
Qusar Dövlət Ləzgi Dram Teatrı 30 il əvvəl yaradılıb və regionda teatr sənətinin inkişafına öz töhfəsini verir. Teatr fəaliyyətdə olduğu illərdə 100-dən çox səhnə əsərini tamaşaçılara təqdim edib.