Qusarın Quxuroba kənd tam orta məktəbi əsaslı təmir olunur
Qusar, 20 may, Elxan Yusifli, AZƏRTAC
Qusar rayonunun Quxuroba kənd tam orta məktəbində əsaslı təmir-bərpa işləri cari ilin sentyabr ayına kimi başa çatdırılacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əsaslı təmir işləri yekunlaşdıqdan sonra məktəbdə 464 şagirdin təhsil alması üçün lazımi şərait yaradılacaq.
Məktəb binasında təmir-bərpa işlərinə ötən ilin iyul ayından başlanılıb. 1989-cu ildə istifadəyə verilən təhsil ocağı köhnəldiyindən keyfiyyətli tədris üçün yararsız idi.
Məktəbin direktoru Rasid Tahirov bildirib ki, təmirdən sonra üçmərtəbəli məktəb binası tamamilə yenidən qurularaq müasir tələblərə uyğun təhsil ocağı kimi fəaliyyətini davam etdirəcək. Binada təmir-bərpa işlərinin 50 faizdən çoxu başa çatdırılıb.
Hazırda binanın çölündə suvaq, həyətin abadlaşdırılması, dam örtüyünün dəyişdirilməsi işləri həyata keçirilir. Tədris ocağında fənn kabinetləri, kitabxana, kompüter otağı, akt və idman zalları fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunacaq.