QUŞÇULUQ MƏHSULLARININ HÖVBƏTİ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 14-də Bakı şəhərində quşçuluq məhsullarının növbəti satış-yarmarkaları keçirilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin və Quşçular Cəmiyyətinin birgə keçirdikləri növbəti yarmarkalar Bakı şəhərinin Təzə bazar, Sabunçu, Badamdar bazarlarında və 6 nömrəli ticarət mərkəzində təşkil edilmişdir.
“Təzə bazar” MMC-nin ərazisindəki yarmarkada alıcılara İmişli, Hacıqabul, Xızı, Giləzi və digər quşçuluq müəssisələrinin məhsulları - toyuq əti və yumurta təklif olunmuşdur.
Mərdəkan və İmişli broyler fabriklərinin işçiləri Elçin İslamov və Faiq Əhmədov satışa çıxardıqları toyuq ətinin kiloqramını növlərinə görə 2 manat 40 qəpiyə, 2 manat 50 qəpiyə, 2 manat 60 qəpiyə, içalatı isə 2 manata təklif edirdilər. Giləzi quşçuluq şirkətindən Sabir Qarayev satışa gətirdiyi 10 min ədəd yumurtanın birini 11 və 12 qəpiyə, Hacıqabul fabrikindən Əliəkrəm Fərzəliyev 4 min ədəd yumurtanın bir ədədini 12 qəpiyə satırdılar.
Alıcılardan polis işçisi Hacı Əliyev, müəllim Məhəmməd Mürsəlov və başqaları hər həftə buradan məhsul aldıqlarını, yumurtanın, quş ətinin keyfiyyətli və bazar qiymətlərindən ucuz olduğunu bildirdilər.
Bakı Şəhər Baytarlıq İdarəsinin 5 nömrəli baytar-sanitar ekspertiza laboratoriyasının müdiri, baytarlıq elmləri namizədi Ramazan Eminov dedi ki, həftənin 5-ci, 6-cı və bazar günləri yarmarkaya gətirilən məhsulların hamısı baytarlıq şəhadətnaməsi əsasında bazara daxil olur. Laboratoriyaya quşçuluq təsərrüfatının baytar həkiminin imzası ilə arayış təqdim olunur. Bundan sonra biz məhsulu təzədən yoxlayır və onun satışa yararlı olub-olmaması barədə rəyimizi bildiririk. Bu gün satışa 7 təsərrüfatdan məhsul gətirilmişdir. Məhsullar keyfiyyətlidir və heç bir xəstəliyi yoxdur. Buna görə də şəhər sakinləri məhsulları həvəslə alırlar.
İqtisadi İnkişaf Nazirliyi mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirdi ki, bu gün şəhərin yarmarkalarında satışa 20 ton toyuq əti və 500 min ədədə yaxın yumurta çıxarılmışdır. İndiyədək satış-yarmarkalarda şəhər əhalisinə 17 milyon ədəddən çox yumurta və 700 ton toyuq əti satılmışdır.