RABİTƏÇİLƏR I RÜBÜN YEKUNLARINI MÜZAKİRƏ ETMİŞLƏR
Müşavirəni giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ümummilli liderimiz Heydər Əliyevin apardığı məqsədyönlü sosial-iqtisadi inkişaf siyasətinin öz real bəhrələrini verdiyini, Azərbaycanın hər sahədə inkişaf etməyə başladığını və nəticədə xalqımızın rifahının yüksəldiyini, eyni zamanda, ölkəmizin nüfuzlu bir dövlət kimi təkcə regionda yox, bütün dünyada tanındığını xüsusi olaraq vurğulamışdır. O, həmçinin regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında rabitə və informasiya texnologiyalarının inkişafına da böyük diqqət yetirildiyini vurğulamışdır.
Yeni nazirliyin yaradılmasından keçən qısa müddət ərzində müasir informasiya texnologiyalarının tətbiqi sahəsində müəyyən iş görüldüyünü söyləyən nazir bildirmişdir ki, l rübdə gəlir proqnozu 113,9 faiz, o cümlədən əhaliyə göstərilən rabitə xidmətlərindən əldə olunan gəlir proqnozu 110,6 faiz yerinə yetirilmişdir.
Nazirliyin aparatının rəhbəri Vidadi Zeynalov isə birinci rüb ərzində ayrı-ayrı rabitə müəssisələrində mövcud vəziyyətlə bağlı məruzə etmiş, məruzə ətrafında çıxışlar olmuşdur.
Müşavirəyə yekun vuran nazir Əli Abbasov nailiyyətlərlə yanaşı, işdə nöqsan və çatışmazlıqların da olduğunu, yerlərdə rabitə infrastrukturunun yüksək inkişafını təmin etməyin, kollektivlərdə sağlam mühit yaratmağın vacibliyini bildirmişdir.
İşdə buraxdıqları nöqsanlara görə bir neçə müəssisə rəhbəri inzibati qaydada cəzalandırılmış və məsul olduqları sahələrdə dönüş yaratmaq üçün onlara konkret vaxt verilmişdir.