RAMAZAN BAYRAMI ƏRƏFƏSİNDƏ YENİ ATS-LƏR İSTİFADƏYƏ VERİLMİŞDİR
Bakı, 8 sentyabr (AZƏRTAC). Müqəddəs Ramazan bayramı münasibəti ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RITN) müəssisələri yeni rabitə obyektlərini əhalinin istifadəsinə verir.
AZƏRTAC xəbər verir ki, bu günlərdə Astara rayonunun Səncərədi kəndində, İmişli rayonunun Aranlı və Məzrəli kəndlərində, Göyçayın Qaraxıdır kəndində 256/30 nömrə tutumlu yeni elektron tipli ATS quraşdırılaraq əhalinin istifadəsinə verilmişdir.
Bundan əlavə, İsmayıllının Gülyan, Ağstafanın Köçəsgər kəndlərində 512/60 nömrə tutumlu, Ağstafanın Düzqışlaq və Eynallı kəndlərində 256/30, Sadıxlı kəndində isə 128/30 nömrə tutumlu yeni elektron tipli ATS-lər quraşdırılmışdır.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən bu günlərdə Yasamal rayonu Əfsanə MTK yaşayış sahəsinin ərazisində 1872 nömrə tutumlu NGN tipli ATS, Nizami rayonu Neapol 2 yaşayış massivi ərazisində 3072 nömrə tutumlu NGN tipli ATS, Qaradağ rayonu ərazisində “Binə” ticarət mərkəzində 256 nömrə tutumlu ATS istifadəyə verilmiş, həmçinin Yasamal rayonu Dəlidağ yaşayış massivi ərazisində olan ATS-nin tutumu 1876 nömrə artırılmışdır.