Ramin Məmmədov: “Yüksəliş” müsabiqəsi uzunmüddətli inkişaf platforması yaradır VİDEO
Bakı, 17 iyul, AZƏRTAC
Bu gün dövlətlərin inkişafını müəyyən edən əsas amil təbii sərvətlər deyil. Bu gün dövlətlərin inkişafını təyin edən amillər yüksək bilik, peşəkar, innovativ düşüncə və mütləq mənada məsuliyyət hissinə malik olan kadr bazasıdır. “Yüksəliş” müsabiqəsini digər müsabiqə və yaxud layihələrdən fərqləndirən əsas amil ondan ibarətdir ki, kadr potensialını formalaşdırmaqla yanaşı, uzunmüddətli inkişaf platforması yaradır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimində deyib.
“Bu layihənin ən böyük uğuru ondan ibarətdir ki, hazırlıq prosesində gələcək çağırışların, demək olar, hamısı nəzərə alınıb. Bu müsabiqə çox yüksək seçim meyarlarına, kifayət qədər obyektiv qiymətləndirmə sisteminə və təbii ki, gənclər arasında yüksək rəqabət ruhuna malik bir platformadır. Burada iştirak edən bütün namizədlər - istər yarımfinalçılar, finalçılar, qaliblər, hətta ümumiyyətlə, müsabiqədə iştirak etmək hüququ qazanmayan, ilkin mərhələdə kənarda qalan gənclər Azərbaycanın inkişafında fəal iştirak edən kadr potensialının tərkib hissəsidir. İnsan kapitalına qoyulan sərmayə hamımıza bəllidir ki, uzun müddət sonra öz bəhrəsini verir. Bu baxımdan “Yüksəliş” sadəcə olaraq bir müsabiqə deyil. “Yüksəliş” Azərbaycan dövlətinin gələcəyinə yatırdığı strateji investisiyalardan biridir”, - deyə komitə sədri bildirib.