Ramiz Çovdarov: Hazırlıqlarımız plan üzrə davam edir
Bakı, 13 yanvar, AZƏRTAC
Bakıda futzal üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı davam edir. Millimizin üzvü Ramiz Çovdarov hazırlıqla bağlı Azərbaycan Futzal Federasiyasının saytına müsahibə verib.
AZƏRTAC federasiyaya istinadla xəbər verir ki, futzalçı deyib: "Yanvarın 10-dan təlim-məşq toplanışına yığışmışıq. Əslində isə məşqləri yanvarın 5-dən bərpa etmişik. Sadəcə, həmin vaxtdan Bakıda olan oyunçular hazırlıq prosesində iştirak edirdi. Hazırlıqlarımız plan üzrə davam edir. Bəzən gün ərzində 1, bəzən isə 2 məşq keçirik. Əsas problemimiz komanda şəklində verilən tapşırıqları yerinə yetirməklə bağlıdır. Çünki bir neçə futzalçımız fərqli klublarda və üslubda oynayırlar. Qalır onların baş məşqçinin verdiklərini meydanda icra etməsi".
R.Çovdarov deyib edib ki, vaxtımız azdır. Ancaq hər məşqdə maksimumu etməyə çalışırıq. Digər komandalar bizdən əvvəl toplanışa başlayıblar. Bizim gecikməyimiz ölkədən kənarda çıxış edən oyunçuların çempionatlarının davam etməsi ilə bağlı oldu. Elə etməliyik ki, bir yumruq olaq, bir nöqtəyə vuraq. Belçika ilə yoldaşlıq oyunu çox vacibdir. Bu görüş final mərhələsinə nə qədər hazır olduğumuzu göstərəcək. Məşqlərimizin bəhrəsini orada görəcəyik. Hər nə qədər gec toplaşsaq da, müəyyən “axsamalar” olsa da, yaxşı nəticə qazanacağımıza ümid edirəm.
"Qrupdakı rəqiblərimizə gəldikdə, bütün komandalar hazırlaşır. İspaniya və Bosniya və Herseqovina ilə yaxın 4-5 ildə qarşılaşmışıq. Gürcüstan millisi ilə əvvəlki illərdə oyunlar keçirilib. Nə ispanlar, nə də bosniyalılar yerində sayır. Daim inkişaf edir, dəyişirlər. İspaniya millisi sonuncu Avropa və dünya çempionu olan Portuqaliya ilə iki yoldaşlıq oyunu keçirib və qələbə qazanıb. Əlbəttə, qarşılaşmalar çətin keçəcək.
Gürcüstanla oyun daha əhəmiyyətlidir. Çünki qazanacağımız qələbə bizi əsas rəqiblərimizin birindən önə keçirəcək. Həm də start üçün 3 xal vacibdir.
Bosniya və Herseqovinaya gəldikdə, onlarla Bakıda qarşılaşmışıq. Qələbə qazansaq da, görüş kifayət qədər gərgin keçdi. Həm fiziki baxımdan, həm də kollektiv şəkildə güclü rəqibdir. Hələ ki diqqətimizi Gürcüstanla matça yönəltməliyik. Bu görüşdə qazanılacaq nəticə digər oyun üçün də hədəflərimizi müəyyənləşdirəcək”, - deyə futzalçı əlavə edib.
Qeyd edək ki, yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan millisi D qrupunda mübarizə aparacaq. Yığmamız yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya, ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.