Rauf Məmmədov: Şəmkirdə ən güclü şahmatçılar mübarizə aparır
Şəmkir, 22 aprel, AZƏRTAC
Azərbaycan şahmatçısı Rauf Məmmədov “Shamkir Chess-2018” superturnirinin IV turunda Polşa şahmatçısı Radoslav Voytaşeklə heç-heçə oynayıb.
AZƏRTAC xəbər verir ki, Rauf Məmmədov mətbuat konfransında partiya haqqında bunları deyib: “Bir qədər fərqli oyun oldu, üstünlük qazandığımı hesab edirdim. Sonradan oyun bərabərləşdi. Voytaşek mümkün qədər sakit oynamağa can atırdı. Nəticədə partiya bərabərliklə başa çatdı. Fikrimcə, ardıcıl 4 tur heç-heçə oynamaq pis nəticə deyil. Müəyyən mənada yorğunluq özünü göstərir. Əsas mübarizə istirahət günündən sonra olacaq. Şəmkirdə ən güclü şahmatçılar mübarizə aparır. Ona görə hər biri çox diqqətlidir. Belə heyətdə yer almaq çox xoşdur. Bəzən reytinqi düşünərək risk etmək olmur. Digər tərəfdən partiyalarda böyük üstünlük qazanılmayıb. Əksər görüşlər bərabər səviyyədədir. Hazırda kimin qalib gələcəyini söyləmək mümkün deyil. Son turları gözləmək lazımdır”.