Rəcəb Tayyib Ərdoğan: “Türkiyə Əsri”ni qurmağa başlamışıq
Ankara, 25 avqust, AZƏRTAC
Regionu yenidən qeyri-sabitlik uçurumuna sürükləməyə çalışan dairələr öz məqsədlərinə nail ola bilməyəcəklər. Qanlı planlarını həyata keçirmək üçün terror təşkilatlarından istifadə edən hər kəs uğursuzluğa məhkumdur. Qalib gələn tərəf Türkiyənin 86 milyon sakini – sülh, əmin-amanlıq və humanizm mövqeyindən çıxış edən hər bir insan olacaq.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgird döyüşündə qələbənin 955-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
Prezident “güclü və qüdrətli Türkiyənin şəfəqinin artıq doğduğunu” bildirib.
“Biz “Türkiyə Əsri”ni qurmağa başlamışıq”, - deyə dövlət başçısı əminliyini bildirib və qeyd edib ki, Türkiyənin hər bir sakini tezliklə ölkənin yeni nailiyyətlərinin şahidi olacaq.
Prezident Ərdoğan vurğulayıb ki, Türkiyə xalqı birlik və həmrəylik nümayiş etdirdiyi müddətdə düşmənlərin hər cür fitnə-fəsadı uğursuzluğa məhkumdur.
Ərdoğan qeyd edib ki, Türkiyə güclü olmağa borcludur. Türkiyə lideri deyib: “Əgər biz geri çəkilsək, rəqiblərimiz bu torpaqlarda mövcud olmaq hüququmuzu belə bizə verməyəcəklər”.
Prezident Malazgird döyüşündə qazanılmış tarixi qələbənin əhəmiyyətinə diqqət çəkərək xatırladıb ki, 1071-ci il avqustun 26-da Səlcuqlu sultanı Alparslanın ordusu Bizans imperatoru IV Roman Diogenin sayca üstün qüvvələrini məğlub edib. Malazgird qələbəsi türklərin Anadoluda irəliləməsi üçün yol açıb.
Türkiyə lideri xatırladıb ki, Malazgird qələbəsi sayəsində türklər əvvəlcə Anadoluya öz təsirlərini yaydılar, daha sonra isə bayraqlarını üç qitədə dalğalandırdılar.