Rəis müavini: Dövlət qurumlarının informasiya sistemləri mütəmadi audit və monitorinq edilir
Bakı, 19 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən mütəmadi olaraq dövlət qurumlarının informasiya sistemlərini audit və monitorinq etməklə onların informasiya təhlükəsizliyinin vəziyyətini operativ olaraq qiymətləndirilir.
AZƏRTAC xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini general-mayor Allahverən İsmayılov Bakıda keçirilən “Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik” mövzusuna həsr olunmuş konfransda çıxışı zamanı deyib.
A.İsmayılov qeyd edib ki, bir neçə gündən sonra XRİTDX və Rumıniyanın Kiberdiplomatiya Mərkəzinin birgə təşkilatçılığı ilə regionda ilk dəfə “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans həyata keçiriləcək.
“İnformasiya və kibertəhlükəsizlik sahəsində risklər artır. Hər il kibertəhlükəsizlik sahəsində informasiya təhlükəsizliyinin boşluğu səbəbindən ölkə iqtisadiyyatlarına trilyonlarla ziyan dəyir. Düşünürəm ki, bu tədbir çərçivəsində “Prosol” şirkəti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin sıx əməkdaşlığı ötən il və bu il Azərbaycanda kibertalantların üzə çıxarılması, kiberyarışların təşkil olunması, bu kontekstdə özəl və dövlət qurumunun çiyin-çiyinə çalışması bu sahənin daha da inkişaf etməsi üçün dövlət-özəl əməkdaşlığını ön plana çıxarır”, - deyə A.İsmayılov əlavə edib.