REJİSSOR TOFİQ KAZIMOVUN 85 İLLİK YUBİLEYİ GECƏSİNDƏ ONUN TEATR SƏNƏTİNİN İNKİŞAFINDAKI XİDMƏTLƏRİ BİR DAHA QEYD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, yanvarın 14-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında teatr sənətinin
inkişafında mühüm rol oynamış rejissor, Dövlət mükafatı laureatı, xalq artisti Tofiq Kazımovun 85 illik yubileyi qeyd edilmişdir.
Mərasimdən əvvəl sənət adamları, aktyorlar və gənc sənətçilər Fəxri xiyabanda T.Kazımovun məzarını ziyarət etmişlər.
Gecədə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə və digər natiqlər onun həyat və fəaliyyətindən danışmışlar. Bildirilmişdir ki, Tofiq Kazımov 1923-cü il yanvarın 14-də Bakıda dövrünün məşhur teatr xadimi olan Səməd Mənsurovun ailəsində dünyaya göz açmışdır. Atası vəfat edəndə Tofiqin 4 yaşı vardı.
1938-ci ildə 8-ci sinfi bitirən Tofiq Kazımov teatr məktəbinə qəbul olunur. 1942-ci ildə teatr məktəbini bitirən gənc aktyor cəbhəyə yola düşür. Ağır yaralandığına görə ordudan tərxis olunur. Qayıtdıqdan sonra iki il Gənc Tamaşaçılar Teatrının aktyoru kimi fəaliyyət göstərir. 1945-ci ildə təhsilini davam etdirmək məqsədilə Moskvaya yola düşür və burada Ümumittifaq Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsində oxuyur. Moskva teatrlarında məşhur rejissorların iş təcrübəsini öyrənir.
Tofiq Kazımov 1951-ci ildə Bakıya qayıdır və Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda pedaqoji fəaliyyətə başlayır, əvvəl müəllim, sonra tədris və elmi işlər üzrə rektor müavini işləyir. 1952-ci il aprelin 25-də Gənc Tamaşaçılar Teatrına baş rejissor kimi göndərilir. Həmin ilin oktyabr ayında Akademik Dram Teatrına rejissor təyin edilir. Tofiq Kazımov bu teatrın səhnəsində Azərbaycan və tanınmış dünya dramaturqlarının əsərlərinə quruluş verib. Bundan əlavə, Tofiq Kazımov Naxçıvan, Quba, Gəncə teatırlarında da bir çox əsərlərə quruluş verərək, onlara tamaşaçı sevgisi qazandırmışdır.
Natiqlər vurğulamışlar ki, rejissorun böyük zəhməti sayəsində öz məzmununa və quruluş prinsiplərinə görə “Ölülər” tamaşası da aktuallıq kəsb edirdi. Əsər böyük yazıçımız Cəlil Məmmədquluzadənin anadan olmasının 100 illiyi münasibətilə tamaşaya qoyulmuşdu.
Diqqətə çatdırılmışdır ki, 1970-ci illərdə T.Kazımov rejissor axtarışlarını fəal surətdə davam etdirmiş, teatrın repertuarını zənginləşdirmək, müasir tamaşalar hazırlamaq üçün dramaturqlarla əlaqəni daha da möhkəmləndirmişdir. Bildirilmişdir ki, Tofiq Kazımov baş rejissorluğu dövründə teatra xeyli istedadlı gənc cəlb etmişdir. Gənc yaşında olan rolların fəxri titullu 50-60 yaşlı aktyorlara verilməsi ənənəsinə məhz T.Kazımov son qoymuşdur. Onun “Sən həmişə mənimləsən” tamaşasında 18 yaşlı Nargilə rolunu o vaxtlar III kurs tələbəsi Amaliya Pənahovaya, “Ölülər”də isə kefli İsgəndəri 28 yaşlı Həsən Turabova tapşırması buna sübutdur.
Vurğulanmışdır ki, dövrünün bütün yüksək adlarına layiq görülmüş mərhum rejissor həm də İncəsənət İnstitutunda teatr və rejissor sənətindən dərs deyərək, istedadlı aktyor və rejissor kadrların yetişdirilməsində mühüm rol oynamışdır. Görkəmli rejissorun yazdığı monoqrafiyalar gənc teatrşünasların stolüstü kitablarına çevrilmişdir. Tofiq Kazımov həm də “Çağırış”, “İşıqlı yollarda”, “Şəfəq”, “Qoçaq Polad” pyeslərinin müəllifi kimi tanınmış və dövri mətbuatda mütəmadi olaraq teatr sənətinə, müxtəlif tamaşalara dair resenziya və məqalələr dərc etdirmişdir.
Gecədə Mehriban Ələkbərzadənin T.Kazımovun həyat və yaradıcılığından bəhs edən videofilmi də maraqla qarşılanmışdır.
Sonda teatrsevərlər C.Məmmədquluzadənin ikihissəli “Ölülər” tamaşasına baxmışlar. Tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssam xalq rəssamı, Dövlət mükafatı laureatı Nazim Bəykişiyevdir.
Əsərdə Şeyx Nəsrullah rolunu xalq artisti Rəfael Dadaşov, kefli İsgəndər rolunu isə əməkdar artist Sabir Məmmədov ifa etmişlər.