Anadolu Agentliyinin İdarə Heyətin ilk sədri - Əhməd bəy Ağaoğlu
İstanbul, 19 may, AZƏRTAC
Anadolu Agentliyi Azərbaycan və Türkiyənin tanınmış ictimai-siyasi xadimi, mütəfəkkir, yazıçı, hüquqşünas və şərqşünas-alim Əhməd bəy Ağaoğluna həsr edilən geniş məqalə yayımlayıb.
AZƏRTAC xəbər verir ki, məqalədə Türkiyə və Azərbaycan tarixində dərin izlər qoyan, türk düşüncə dünyasının qabaqcıl simalarından və Mustafa Kamal Atatürkün silahdaşlarından biri olan Əhməd bəy Ağaoğlunun vəfatının 87-ci ildönümündə ehtiramla yad edilidiyi vurğulanıb. Mütəfəkkirin Avropada təhsil alan ilk azərbaycanlılardan biri olduğu qeyd edilən yazıda onun, həmçinin Anadolu Agentliyinin İdarə Heyətinin ilk sədri vəzifəsini icra etdiyi də bildirilir.
“1921-ci ildə azadlığa buraxıldıqdan sonra Anadoluya keçərək Milli Mübarizəyə qoşulan Əhməd Ağaoğlu, Mustafa Kamal Atatürkün rəhbərlik etdiyi Ankara hökuməti tərəfindən Mətbuat və Kəşfiyyat Baş İdarəsinin rəhbəri vəzifəsinə təyin edilib. O, eyni zamanda, “Hakimiyet-i Milliye” qəzetində baş yazıçı kimi fəaliyyət göstərib. Siyasi fəaliyyətini Türkiyə Büyük Millət Məclisində davam etdirən Ağaoğlu, Qars millət vəkili olaraq TBMM-in ikinci və üçüncü çağırışlarında deputat kimi çalışıb. Bu müddətdə təhsil fəaliyyətindən də ayrılmayıb və Ankara Hüquq Məktəbində konstitusiya hüququ dərsləri keçib. 1925-ci ildə səhmdar cəmiyyətə çevrilməsindən sonra, Anadolu Agentliyinin İdarə Heyətində keçirilən ilk iclasında Ağaoğlu qurumun ilk sədri seçilib”- deyə məqalədə bildirilir.
Mətndə Əhməd bəy Ağaoğlunun övladlarının da onun yolunu davam etdirərək Türkiyənin siyasi həyatına töhfə verdi vurğulanır. Belə ki, qızı Süreyya Ağaoğlu 1928-ci ildə sərbəst vəkillik lisenziyası alaraq “Türkiyənin ilk qadın vəkili” adını qazanıb.
Digər qızı Tezer Ağaoğlu Taşkıran isə oğlan liseyinə təyin olunan ilk qadın müəllim olub.
Məqaləyə əlavə olaraq Əhməd bəy Ağaoğlunun həyat və yaradıcılığını əks etdirən infoqrafik hazırlanıb.