ADSEA-nın rəsmisi: COP31 üçün uyğunlaşma təklifləri hazırlayırıq
Bakı, 19 may, AZƏRTAC
Bu gün şəhərlər qlobal iqlim dəyişikliklərinin təsirlərini ən çox hiss edən məkanlardır. Güclü quraqlıqlar, ani daşqınlar və intensiv yağıntılar kimi hava hadisələrinin gözlənilməz xarakter alması artıq gələcəyin problemi deyil. Bunlar hazırda baş verir və həm tezliyi, həm də intensivliyi sürətlə artır. Bu fəlakətlər infrastrukturumuza ziyan vurur, iqtisadiyyatımızı pozur və insanların həyat keyfiyyətinə birbaşa təhlükə yaradır. Su sektoru bu risklərin tam mərkəzində dayanır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) sədrinin birinci müavini Xəyyam Məmmədov Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Erkən xəbərdarlıq və iqlimə dayanıqlı şəhərlər” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O, dünyanın bir çox bölgəsində olduğu kimi, Azərbaycanda da su sektorunun iqlim dəyişikliklərinə qarşı olduqca həssas olduğunu və bu səbəbdən uyğunlaşma tədbirlərinin ölkəmizin əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb: "Böhranın nə qədər sürətlə dərinləşdiyini göstərmək üçün qeyd edim ki, əvvəllər Azərbaycanda ildə təxminən 10–20 daşqın hadisəsi baş verirdisə, son illərdə bu rəqəm 10–15 dəfə artıb. Həqiqi iqlim dayanıqlığını təmin etmək məqsədilə ADSEA fəaliyyətini Milli Su Strategiyasının üç icra mərhələsinə uyğun şəkildə həyata keçirir. Biz 2040-cı ilədək Milli Su Strategiyasının, Azərbaycanın 2022–2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Strategiyasının, eləcə də Bakı və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər Dövlət Proqramının hədəflərini aktiv şəkildə icra edirik. Fəaliyyətimiz BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinə, xüsusilə təmiz su, iqlim fəaliyyəti və ekosistemlərin qorunması istiqamətlərinə birbaşa töhfə verir. Eyni zamanda, bu fəaliyyətlər Azərbaycanın 2024-cü ildə ev sahibliyi etdiyi COP29 çərçivəsində qəbul olunmuş qərarların icrasına xidmət edir. Gələcəyə baxdıqda isə artıq dövlət qurumları, beynəlxalq təşkilatlar və özəl sektorla birlikdə 2026-cı ilin noyabr ayında Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 üçün uyğunlaşma təklifləri hazırlayırıq".