Rektor: BDU təkcə ali məktəb deyil, həm də analitiklər yetişdirən mühüm elm və təhsil mərkəzidir VİDEO
Bakı, 15 may, AZƏRTAC
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda şəhərlərin yalnız yenidən qurulması deyil, həm də müasir yanaşmalar əsasında yenidən formalaşdırılması prosesi həyata keçirilir. Azad edilmiş ərazilərdə aparılan bərpa işləri, eləcə də “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiqi ölkədə şəhər inkişafının yeni modelini formalaşdırır. Bu inkişaf isə həm böyük imkanlar, həm də mühüm məsuliyyət yaradır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində təşkil olunan “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfransda deyib.
Rektor bildirib ki, BDU yalnız tələbə hazırlayan ali təhsil müəssisəsi deyil, həm də şəhərlərin gələcək inkişafına təsir göstərəcək analitiklər və innovatorlar yetişdirən mühüm elm və təhsil mərkəzidir: “Şəhər problemləri ayrı-ayrı sahələr üzrə deyil, bir-biri ilə əlaqəli və kompleks çağırışlar şəklində ortaya çıxır. Qarşımızda duran əsas məsələ bilik və yanaşmaların inteqrasiyasıdır. Universitetdə Coğrafiya, Ekologiya və torpaqşünaslıq, İqtisadiyyat, Tətbiqi riyaziyyat və kibernetika, Fizika, Kimya, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Sosial elmlər və psixologiya, həmçinin Hüquq fakültələri üzrə güclü akademik potensial mövcuddur. Əsas məqsəd isə bu potensialı daha səmərəli şəkildə birləşdirməkdir. Müasir şəhər problemləri mürəkkəb olsa da, bu, əməkdaşlıq, innovasiya və yeni həllər üçün geniş imkanlar açır. Rəqəmsal texnologiyalar şəhərlərin daha dəqiq modelləşdirilməsinə şərait yaradır, ətraf mühit elmləri dayanıqlı inkişaf üçün yeni alətlər təqdim edir, iqtisadi və sosial tədqiqatlar isə inkişafın inklüziv və balanslı olmasına töhfə verir”.
Rektorun sözlərinə görə, şəhərlərin gələcəyini ayrı-ayrı sahələr üzrə fəaliyyət göstərən mütəxəssislər deyil, əlaqələndirilmiş praktik bilik formalaşdıracaq: “Bu potensialı bir araya gətirməklə yalnız peşəkar mütəxəssislər deyil, həm də problemləri həll etməyi bacaran yeni nəsil kadrlar yetişdirə bilərik. Şəhər inkişafında insan kapitalının gücləndirilməsi üçün nəzəri müzakirələrdən praktik fəaliyyətə keçmək vacibdir. Bu məqsədlə fənlərarası şəhər proqramlarının hazırlanması, elmi-tədqiqat platformalarının yaradılması və tələbələrin real iş təcrübəsinə cəlb olunması xüsusi əhəmiyyət daşıyır. Rəqəmsal transformasiya yalnız texnoloji vasitə kimi deyil, həmçinin yeni düşüncə modeli kimi qəbul edilməlidir. Məlumatəsaslı şəhərsalma, simulyasiya modelləri və CİS sistemləri artıq xüsusi bacarıq deyil, müasir mütəxəssis üçün əsas kompetensiyalardan birinə çevrilməlidir”.
BDU rektoru vurğulayıb ki, Azərbaycan xalqının zəngin şəhər mədəniyyəti və irsi əsrlər boyu qorunaraq nəsildən-nəslə ötürülüb. Bildirib ki, bu istiqamətdə BDU-nun Mədəni İrsin Tədqiqi Mərkəzinin rəhbəri Musa Mərcanlının rəhbərliyi ilə hazırlanan “Urban Future” kitabı şəhər irsinin öyrənilməsi və təbliği baxımından mühüm elmi mənbədir.