Rektor İnşaat fakültəsinin I kurs tələbələri ilə görüşüb
Bakı, 22 noyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova İnşaat fakültəsinin I kurs tələbələri ilə görüşüb.
Bu barədə AZƏRTAC-a AzMİU-dan məlumat verilib. Bildirilib ki, görüşdə İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev belə tədbirlərin əhəmiyyətinə diqqət çəkib. Qeyd edib ki, universitet rəhbərliyi ilə birinci kursların birbaşa ünsiyyəti tədrisin inkişafına təkan verməklə yanaşı, tələbələr üçün böyük motivasiyadır.
Çıxışına I və II Qarabağ müharibəsində, eləcə də dövlətimizin suverenliyi uğrunda canını fəda edən şəhidlərin, o cümlədən AzMİU-nun şəhid tələbə və məzunlarının xatirəsini anaraq başlayan rektor professor Gülçöhrə Məmmədova gəncləri hər şeydən öncə vətənpərvər olmağa, təhsildə daim nailiyyətlər əldə etməyə çağırıb. İşğaldan azad olunan ərazilərdə aparılan sürətli tikinti-quruculuq işlərinə diqqət çəkən rektor tələbələri təhsildə böyük nailiyyətlər qazanmağa, ixtisaslı inşaat mühəndisləri olaraq azad edilmiş ərazilərimizin abadlaşdırılması kimi şərəfli missiyada iştirak etməyə səsləyib. Rektor çıxışında universitetdə keçirilən imtahanlara, onların obyektiv və şəffaf keçirilməsi üçün yaradılan şəraitə və tələbələrin üzərinə düşən vəzifələrə də toxunub.
Professor Gülçöhrə Məmmədova tələbələri universitetin ictimai həyatında fəal iştirak etməyə çağırıb, ali məktəbdə fəaliyyət göstərən tələbə həmkarlar, tələbə gənclər təşkilatları ilə sıx və işgüzar əlaqələr qurmağı tövsiyə edib.
Tədris işləri üzrə prorektor professor Akif Qasımov çıxış edərək universitetdə tədrisin təşkili və şəffaf imtahan sistemi ilə bağlı ətraflı məlumat verib.
Görüşdə tələbələrin çoxsaylı sualları cavablandırılıb, onların problemlərinin həlli istiqamətində tapşırıqlar verilib.