Rəqəmsal suverenliyin təminində hüquqi və texnoloji əsaslar
Bakı, 26 may, AZƏRTAC
Azərbaycanda rəqəmsal arxitekturanın formalaşdırılması, rəqəmsal dövlət modelinin təkmilləşdirilməsi və milli data ekosisteminin qurulması istiqamətində ardıcıl işlər həyata keçirilir.
Bu barədə AZƏRTAC-a AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev məlumat verib. Alim müasir dövrün əsas çağırışlarından biri olan rəqəmsal suverenliyin mahiyyəti, onun təmin olunması üçün zəruri mexanizmlərdən və bu istiqamətdə qarşıya qoyulan strateji vəzifələrdən danışıb.
Qeyd olunub ki, rəqəmsal suverenliyin təmin edilməsi güclü data idarəetməsi və vahid rəqəmsal arxitekturanın formalaşdırılmasını tələb edir. Süni intellekt və bulud texnologiyalarının milli rəqəmsal ekosistemə inteqrasiyası da bu istiqamətdə vacib amillərdən biridir. Həmçinin kibertəhlükəsizlik və sistemlərin qarşılıqlı inteqrasiyası rəqəmsal dövlət modelinin dayanıqlı inkişafında əsas rol oynayır.
Akademik Rasim Əliquliyev bildirib ki, internet mühitində gedən proseslərin hüquqi tənzimlənməsi, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, ölkələrin kibertəhlükəsizliyinin təmin olunması və milli maraqların virtual məkanda qorunması rəqəmsal suverenliyin əsas tələblərindəndir.
Onun sözlərinə görə, rəqəmsal suverenlik yalnız hüquqi tənzimləmə ilə deyil, həm də milli rəqəmsal infrastrukturun gücləndirilməsi və data resurslarının effektiv idarə olunması ilə təmin oluna bilər. Bu istiqamətdə beynəlxalq əməkdaşlıqla yanaşı, ölkədaxili texnoloji müstəqilliyin artırılması da xüsusi əhəmiyyət daşıyır.