Respondentlərin 55 faizi tullantıların çeşidlənməsi prosesinə hazırdır
Bakı, 2 noyabr, AZƏRTAC
Ölkəmizdə bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinə dair müxtəlif layihələr həyata keçirilsə də, bəzən tullantılarla bağlı xoşagəlməz hallarla rastlaşırıq. MTM (Media Təhlil Mərkəzi) vətəndaşların tullantıların çeşidlənməsi prosesinə hazırlığını öyrənmək məqsədilə oktyabrın 15-dən 20-dək sorğu keçirib. Sorğuda iştirak edən 550 respondentin 53 faizini qadınlar, 47 faizini isə kişilər təşkil edib.
MTM-dən AZƏRTAC-a bildiriblər ki, respondentlərin 69 faizinin fikrincə, məişət tullantılarının çeşidlənməsi ətraf mühitin qorunmasına təsir edir. Cavab verənlərin 26 faizi bu təsirin az olduğunu, 5 faizi isə ümumiyyətlə təsir etmədiyini bildirib.
Sorğu iştirakçılarının 51 faizi tullantıların ev şəraitində çeşidlənməsinə hazır olsa da, 29 faizi hazır deyil. İştirakçıların 20 faizi isə çeşidlədiyini qeyd edib.
Tullantıların çeşidlənməsi prosesinə hazır olmadığını bildirənlərdən bunun səbəbi soruşulub. Bir neçə variant seçmək imkanına malik olan iştirakçıların cavabı aşağıdakı kimi olub: vaxt ayıra bilmirəm - 17 faiz; evdə tullantıları çeşidləmək üçün lazımi şəraitim yoxdur - 23 faiz; yaşadığım ərazidə tullantılar üçün çeşidləmə qutuları yoxdur - 41 faiz; tullantıların emal olunacağından əmin deyiləm - 16 faiz; digər - 8 faiz; hazıram - 55 faiz.