RESPUBLİKA BAYTARLIQ LABORATORİYASINDA SAXTA DƏRMAN-PREPARATLARI ZƏRƏRSİZLƏŞDİRİLMİŞDİR
Bakı, 12 iyun (AZƏRTAC). İyunun 12-də qeydiyyatdan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, saxta, vaxtı keçmiş, mənşəyi məlum olmayan dərman preparatları Respublika Baytarlıq Laboratoriyasının (RBL) krematoriya və avtoklavında zərərsizləşdirilmişdir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) nümayəndəsi Qədim Məhərrəmov bildirmişdir ki, qurumun mütəxəssisləri cari ilin martından başlayaraq Bakı, Gəncə, Mingəçevir şəhərlərində, Astara, Lənkəran, Masallı, Şəmkir, Ağdaş, Ucar, Bərdə, Sabirabad və digər rayonlarda fəaliyyət göstərən baytarlıq apteklərinə reydlər keçirmişlər. Məlum olmuşdur ki, DBX tərəfindən baytarlıq əczaçılığı ilə məşğul olan obyektlərə nəzarət gücləndirilməsinə baxmayaraq, hələ də apteklərdə qeyri-qanuni dərman-preparatlarına təsadüf olunur. Apteklərdən götürülən 76 adda dərman-preparatları satışdan çıxarılaraq, zərərsizləşdirilmək üçün respublika laboratoriyasına təhvil verilmişdir.
Q.Məhərrəmov vurğulamışdır ki, müsadirə olunaraq zərərsizləşdirilmiş dərman preparatları əsasən İran, qismən isə Rusiya, Hindistan, Hollandiya, İordaniya, Türkiyə və digər ölkələrin istehsalıdır.
Qanunsuz dərman satışı ilə məşğul olan apteklərin aşkar edilməsi üçün reyd və monitorinqlər davam etdiriləcəkdir.