MƏDƏNİYYƏT
Respublika Gənclər Kitabxanası “Tarix yaradan şəxsiyyət – Heydər Əliyev 100” layihəsi çərçivəsində videomaterial hazırlayıb


Bakı, 3 oktyabr, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının “Heydər Əliyev İli” çərçivəsində həyata keçirdiyi “Tarix yaradan şəxsiyyət - Heydər Əliyev 100” layihəsi Azərbaycan dövlətçiliyi tarixində müstəsna, əvəzsiz xidmətləri ilə əbədilik qazanan, adı müasir Azərbaycan tarixi ilə əbədiləşən, dünyanın siyasət aləmində böyük siyasi məktəb kimi qəbul edilən, dövlət müstəqilliyimizin, azərbaycançılıq məfkurəsinin banisi, Ümummilli Liderinin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin tədqiqi və gənclər arasında təbliği məqsədilə həyata keçirilir.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində kitabxana əməkdaşları tərəfindən dövlətçiliyimizin tarixində dönüş nöqtəsi olan 3 oktyabr 1993-cü il tarixində ölkəmizdə keçirilən prezident seçkilərində Ulu Öndər Heydər Əliyevin xalqımız tərəfindən Prezident seçilməsi ilə əlaqədar geniş videomaterial hazırlanıb. Materialda Ulu Öndərin müstəqilliyini hələ yenicə qazanmış respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər, müdrik, uzaqgörən siyasəti nəticəsində Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirməsindən bəhs edilir. Videoçarxda Ümummilli Lider tərəfindən Qarabağ münaqişəsinin həlli yolunda atılan ciddi addımlar - atəşkəs rejiminə nail olunması, nizamlı və güclü ordu quruculuğu, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması yönümündə aparılan məqsədyönlü siyasət haqqında maraqlı tarixi faktlar səsləndirilir. Materialda ölkəmizi dünya iqtisadi-siyasi arenasında tanıdan “Əsrin müqaviləsi”nin imzalanması, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinin reallaşdırılması, Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafı, yerli infrastrukturun yeniləşməsi kimi məsələlərdən də bəhs edilir. Materialda Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinə, xalqına, millətinə olan sonsuz sevgisini ifadə edən müdrik kəlamları da yer alır.
Layihə çərçivəsində Ulu Öndərin kitab, mütaliə, təhsil, mədəniyyət sahəsinə dair səsləndirdiyi müdrik fikirlərdən ibarət virtual kitab sərgisi də hazırlanıb. Materialda “Heydər Əliyev-xalqa həsr olunmuş ömür”, “Ümummilli Lider Azərbaycandan Türk dünyasına”, “Heydər Əliyev və Şərq”, “Heydər Əliyev dünyanın gözü ilə”, “Xilaskarlar”, “Heydər Əliyevin elmi irsi” kimi 20-ə yaxın kitabın annotasiyası da təqdim edilir.