Respublika Günü münasibətilə Türkiyənin İğdır şəhərində bayram tədbiri keçirilib
İğdır, 28 may, AZƏRTAC
İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin təşkilatçılığı ilə 28 May - Respublika Günü münasibətilə bayram mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyənin Qars şəhərindəki baş konsulluğunun dəstəyi ilə keçirilən mərasimdə Türkiyə rəsmiləri, yerli hakimiyyət orqanlarının rəhbərləri, QHT və KİV təmsilçiləri, İğdır ictimaiyyətinin nüfuzlu şəxsləri iştirak ediblər.
Mərasim şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Mərasimdə çıxış edən Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev, İğdır valisi Hüseyn Engin Sarıibrahim və İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar bayram təbriklərini çatdırıblar.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və keçdiyi şərəfli yoldan danışan baş konsulu Nuru Quliyev dövlət müstəqilliyimizin bərpası və həmin illərdə Ermənistanın işğalçılıq niyyəti səbəbindən yaranmış təlatümlü vəziyyət barədə müfəssəl məlumat verib. Baş konsul diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi bu təhlükələri dəf edib və dövlətçiliyimiz qorunub, gələcək inkişaf yolları müəyyən edilib.
28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını səmimiyyətlə təbrik edən İğdır valisi Hüseyn Engin Sarıibrahim ötən il 44 günlük vətən müharibəsi ilə qazandığımız şanlı zəfəri tarixi hadisə kimi dəyərləndirərək bildirib ki, belə bir rəşadət sayəsində müstəqilliyimizin 103-cü ildönümü əsl bayram ovqatı ilə qeyd edilir.
Ulu öndər Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrdə baş verən prosesləri xatırladan İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar bildirib ki, xalqımızın xilaskar oğlu Türkiyə ilə münasibətlərin inkişafına böyük önəm verib və bu istiqamətdə tarixi addımlar atıb.
Çıxışlarda diqqətə çatdırılıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun 44 günlük müharibədə qazandığı tarixi qələbə ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının məntiqi nəticəsi, Azərbaycan xalqının öz vətəninə və torpağına bağlılığının göstəricisi, Türkiyənin qardaşlıq münasibətinin təntənəsidir.
Çıxışlarda müqəddəs Zəfəri qazanan şəhidlərimiz və qazilərimiz ən xoş ifadələrlə yad edilib. Bildirilib ki, vətənimizin bütövlüyü yolunda canlarını fəda edən və hər an buna hazır olan qəhrəmanlarımız və onların ailələri ən ülvi ehtiramlara layiqdirlər.
Əminliklə vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi dostluq və qardaşlıq münasibətləri, qəbul olunan qətiyyətli siyasi qərarlar və atılan real addımlar iki qardaş ölkənin dinamik inkişafını bundan sonra da qoruyacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İğdır