Respublika Günündə kiber idman üzrə iki turnir keçiriləcək
Bakı, 27 may, Nicat Məmmədov, AZƏRTAC
“Gaming League Azerbaijan” (GLA) Azərbaycan Kiber İdman Federasiyası, Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstəyi ilə 28 may - Respublika Gününə həsr olunan “Valorant” turnirini keçirəcək.
AZƏRTAC xəbər verir ki, “BO3” şəklində təşkil olunacaq turnirin açılış oyunları mayın 28-də saat 16:00-da başlayacaq. Turnirdə 20 komandanın tərkibində 100-dən çox iştirakçı çıxış edəcək.
“Gaming League Azərbaycan” tərəfindən keçirilən “League of Legends” turnirinin finalı da mayın 28-də - Respublika Günündə baş tutacaq. Saat 19:00-da start götürəcək finalda “Team First Blood” və “Let's Go Baron” komandası “BO5”formatında mübarizə aparacaq.
Yarışı instaqram (“Glahub”) və yutubda (“Glahub”) canlı izləmək mümkündür.
Qeyd edək ki, 2019-cu ilə qədər olan statistikalara görə, 400 milyondan artıq insanın marağını qazanan kiberidman sahəsinin populyarlığı bu gün də artmaqdadır. Kiberidman 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarının proqramına sınaq kimi daxil edilib.
Azərbaycanda 2019-cu ildə yaranmış və kiberidman turnirləri həyata keçirən GLA bu günədək 40-dan çox kiberidman çempionatı təşkil edib. Kiberidman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu liqanın prioritet məqsədləri Azərbaycanda beynəlxalq səviyyədə idman oyunlarının inkişaf etdirilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.