RESPUBLİKA HƏRBİ PROKURORLUĞUNDA BAYRAM TƏDBİRİ
Toplantıda çıxış edən respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev prokurorluq orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək vurğuladı ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev həm də respublikamızda mühüm dövlət təsisatı olan prokurorluq orqanlarının da yaradıcısıdır. O, ötən gün Milli Məclisdə “Prokurorluq haqqında” Qanuna, eləcə də “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Əsasnaməyə əlavə və dəyişikliklər edildiyini bildirdi, bu dəyişiklikləri Hərbi Prokurorluğun fəaliyyətinin daha da yüksəldilməsinə, işçilərinin maddi rifahının, sosial təminatının yaxşılaşmasına Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi diqqət və qayğısının, etimadının nümunəsi kimi səciyyələndirdi. Natiq prokurorluğun kollektivi adından dövlətimizin başçısına minnətdarlığını bildirərək dedi ki, prokurorluq işçiləri onlara göstərilən etimadı doğrultmaq üçün səylərini daha da gücləndirəcəklər.
Son vaxtlar bir sıra hərbi hissə və komissarlıqlarda ciddi qanun pozuntularının aşkar edildiyini, 30-dan çox vəzifəli şəxsin məhkəməyə verildiyini diqqətə çatdıran hərbi prokuror, bundan sonra da hərbi hissələrdə idarədaxili yoxlamalar aparılması, büdcə vəsaitlərinin xərclənməsində müvafiq qaydalara əməl olunması vəziyyətinin öyrənilməsi, Silahlı Qüvvələrdə nizam-intizamın möhkəmlənməsi üçün ardıcıl tədbirlərin həyata keçiriləcəyini qeyd etdi.
Hərbi Prokurorluğun şəxsi heyətinin respublikamızda bərqərar olmuş ictimai-siyasi sabitliyin qorunub saxlanması, vətəndaş cəmiyyəti, hüquqi demokratik dövlət quruculuğu prosesinin, sosial-iqtisadi inkişafın təmin olunması üçün ulu öndər Heydər Əliyevin işləyib hazırladığı siyasi xəttin həyata keçirilməsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə sədaqətli arxa, dayaq olacağı dönə-dönə vurğulandı.