Respublika Seysmoloji Xidmət Mərkəzində Elm Gününə həsr olunmuş onlayn tədbir keçirilib
Bakı, 30 mart, AZƏRTAC
Martın 30-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) tərəfindən Elm Gününə həsr olunmuş onlayn tədbir keçirilib.
Mərkəzin İnformasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, “Zoom” platforması üzərindən həyata keçirilən tədbirdə çıxış edən RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Azərbaycanda Elm Gününün təsis edilməsi haqqında danışıb. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə martın 27-nin Azərbaycanda Elm Günü kimi təsis edildiyini bildirən baş direktor bu gün münasibətilə bütün elm adamlarını və tədbir iştirakçılarını təbrik edib. Azərbaycanda elmin inkişaf tarixi, eləcə də AMEA-nın yaradılmasının tarixi zərurətləri və inkişaf mərhələləri haqqında danışan baş direktor ölkə rəhbərliyinin hər zaman elmin inkişafına, eləcə də elm adamlarına xüsusi diqqət və qayğı göstərdiyini də bildirib.
Daha sonra mərkəzin Seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədli “Zəlzələlərin başvermə səbəbləri və Azərbaycan ərazisinin seysmikliyi haqqında” mövzusunda təqdimatla çıxış edib. O, öz məruzəsində Yerin litosfer qatında gedən proseslər, zəlzələlərin başvermə səbəbləri, eləcə də seysmoloji tədqiqat metodları haqqında ətraflı məruzə ilə çıxış edib.
Tədbirdə, həmçinin Qurban Yetirmişli media nümayəndələrinin suallarını da cavablandırıb.
Onlayn tədbir seysmoloji tədqiqatların aparılmasına başlandığı vaxtdan bu günə qədər seysmik tədqiqatlarda istifadə olunan cihaz və avadanlıqlara həsr olunmuş sərgi-təqdimatın nümayişi ilə başa çatıb.