Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları Avropa Seysmoloji Komissiyasının iclasında iştirak ediblər
Bakı, 10 sentyabr, AZƏRTAC
Maltanın paytaxtı Valetta şəhərində Avropa Seysmoloji Komissiyasının 36-cı Baş Assambleyasının iclası keçirilib. İclasda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və mərkəzin zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova təmsil edib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, seysmoloqlarımız tədbirdə “Seysmoloji məlumatlara əsasən Azərbaycan ərazisinin geodinamik rejimi” mövzusunda məruzə ilə çıxış ediblər.
Tədbir çərçivəsində RSXM-in baş direktoru, həmçinin İtaliya, ABŞ, Əfqanıstan, Gürcüstan, Rusiya, Almaniya nümayəndələri ilə görüş keçirib. Müzakirələr zamanı tərəflər təcrübə mübadiləsi istiqaməti haqqında fikir mübadiləsi aparıblar. Birgə elmi tədqiqatların həyata keçirilməsi planlaşdırılıb.