Respublika Veteranlar Təşkilatının əməkdaşları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabana gedərək Ulu Öndərin məzarını ziyarət ediblər. Respublika Veteranlar Təşkilatının əməkdaşları dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Tarixin yetirdiyi nadir şəxsiyyətlərdən olan ümummilli lider Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin qovuşuğunda Azərbaycan milli-mənəvi dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoyub. Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. 1969-cu ildə respublika rəhbərliyinə gələn Heydər Əliyev, əslində, sosial-iqtisadi böhran keçirən Azərbaycanı 1970-1980-ci illərdə keçmiş İttifaqın ən qabaqcıl respublikalarından biri səviyyəsinə çıxarıb. Tədqiqatçılar haqlı olaraq vurğulayırlar ki, müasir mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi məhz həmin illərdə təməli qoyulmuş potensiala əsaslanır.
1993-cü ilin yayında müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda xalq özünün və ölkənin gələcəyini Heydər Əliyevə etibar etdi. Bu, böyük qayıdış idi və Ulu Öndər müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti, yenilməz iradəsi sayəsində ölkəni, xalqı, gənc müstəqil dövləti labüd fəlakətlərdən qurtardı. Qədirbilən Azərbaycan xalqı dahi oğlunun bu əvəzsiz xidmətlərini heç vaxt unutmur.
Azərbaycan dövlətçiliyinin xilaskarı Heydər Əliyevin vəfatından ötən illər ərzində görkəmli şəxsiyyətin məzarı xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib. Bütün ilboyu insanlar buraya gəlir, ölkəmizi dünyaya tanıdan böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər.