Respublika Veteranlar Təşkilatının iştirakı ilə “Xatirə bağı” salınıb
Bakı, 9 aprel, AZƏRTAC
Aprelin 9-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının üzvləri Nizami rayonu ərazisində ağacəkmə aksiyasında iştirak edib.
Respublika Veteranlar Təşkilatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Böyük Vətən müharibəsi və 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə təşkil olunan aksiyaya Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə qatılan təşkilat üzvləri, digər qurumların əməkdaşları ilə birlikdə onlarla ağac əkib, “Xatirə bağı”nın salınmasında yaxından iştirak ediblər.
Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının istər İkinci Dünya müharibəsində, istərsə də 44 günlük Vətən müharibəsində faşist işğalçılarına qarşı əzmlə mübarizə apardığını, bu mübarizədə ölkəmizdə yaşayan digər xalqların nümayəndələrinin də yaxından iştirak etdiyini, böyük qəhrəmanlıqlara imza atdığını bildirib.
Cəlil Xəlilov qeyd edib ki, bu gün salınan “Xatirə bağ”ı şəhidlərin ruhuna ehtiram əlaməti olmaqla yanaşı, həm də xalqlarımızın dostluğuna nümunədir.
Aksiyada Bakı Şəhər İcra Hakimiyyəti, Rusiya səfirliyi, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi, “Ölümsz Alay” və digər qurumların nümayəndələri iştirak edib.