RESPUBLİKAMIZIN RAYONLARINDA BARAMA TƏDARÜKÜNƏ BAŞLANILMIŞDIR
Keyfiyyətli məhsul yetişdirib yüksək məhsuldarlıq əldə etdiyinə və respublika üzrə ilk məhsul təhvil verdiyinə görə “Şəki-İpək” ASC-nin rəhbərliyi kümdar Əmir Qasımovu rəngli televizorla mükafatlandırmışdır. Cəmiyyətin rəhbərliyi kümdarlara maddi maraq prinsipləri aşılamaq üçün gələcəkdə belə həvəsləndirmə metodlarından müntəzəm istifadə etməyi planlaşdırır.
Qeyd etməliyik ki, “Şəki-İpək” ASC-nin tam gücü ilə fəaliyyət göstərməsi üçün il ərzində 1000 tona yaxın yaş və ya 350 ton quru barama tələb olunur. Respublikamızın baramaçılıq rayonları ötən il yalnız 80 tona yaxın yaş barama tədarük edə bilmiş, xammalın böyük hissəsi Özbəkistandan gətirilmişdir. Bütün bunları nəzərə alan səhmdar cəmiyyətinin rəhbərliyi müəssisənin xammala olan tələbatını daxili imkanlar hesabına ödəmək və kombinatda fasiləsiz iş rejimini təmin etmək məqsədi ilə cari ildə baramaçılıq rayonları ilə işgüzar əlaqələri daha da genişləndirmişdir.