REYESTR XİDMƏTİNİN KOLLEGİYA İCLASINDA
Qurumun mərkəzi aparatının məsul işçilərinin və ərazi idarələri rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə Reyestr Xidmətinin rəisi Arif Qaraşov 2005-ci ildə görülən işlər və qarşıda duran mühüm vəzifələr barədə danışmışdır.
Xidmət rəisinin müavinləri İlham Bayramov, Qabil Ələsgərov, aparatın rəhbəri Gülhüseyn Kazımov və başqaları çıxış edərək ərazi orqanlarında işçilərin attestasiyasının nəticələri, daşınmaz əmlakın vahid kadastrının aparılması üçün rəqəmli baza xəritəsinin yaradılması, daşınmaz əmlakın dövlət reyestri xidmətinin təşkili, müasir avadanlığın köməyi ilə monitorinqlərin keçirilməsi və perspektiv kadastr planları və s. barədə məlumat vermişlər.
Qeyd olunmuşdur ki, daşınmaz əmlakın vahid kadastrının səmərəli fəaliyyət sistemi qurulmuş və cari il martın 1-dən Bakı şəhər ərazi idarəsində tətbiq edilməyə başlanmışdır. Hazırda bu sistemin köməyi ilə paytaxtımızda daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı barədə vətəndaşlardan daxil olan ərizələrin və ərizəyə əlavə edilmiş sənədlərin qəbulu, qeydiyyatı, dövlət rüsumunun ödənilməsi, arayışların və mülkiyyət hüquqlarının qeydiyyatının aparılması və çıxarışların verilməsi avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Həmçinin, ərizə və müraciətlərin şöbələr arasında dövriyyəsinin kompyuterin köməyi ilə izlənməsi, onların icra vəziyyətinə nəzarətin həyata keçirilməsi, hüquqi və fiziki şəxslərə təqdim olunan müxtəlif arayış və çıxarışların qeydiyyatının aparılması və s. həmin sistem vasitəsilə tənzimlənir. Yaxın gələcəkdə bu sistem digər ərazi idarələrində də tətbiq olunacaqdır.
Müzakirə edilən məsələlərlə əlaqədar qərarlar qəbul olunmuşdur.
İclas iştirakçıları adindan Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.