RF FMX MOSKVA HÖKUMƏTİNİN SƏRƏNCAMI İLƏ RAZILAŞMIR
Moskva, 4 fevral (AZƏRTAC). Moskva hökumətinin başqa şəhərlərdən paytaxta gələnlər üçün mənzil kirayəsi müqavilələrinin uçot və qeydiyyatının tətbiq edilməsi haqqında sərəncamı fevralın 1-dən qüvvəyə minmişdir.
Birmənalı qarşılanmayan bu sərəncama görə, başqa şəhərlərdən Moskvaya gələn vətəndaşlar paytaxtda olduqları yerdə qeydiyyata alınmaq üçün Moskvada mənzil kirayəsi haqqında müqavilə bağladıqlarını təsdiqləyən reyestrdən çıxarış təqdim etməlidirlər. Bu funksiya “Moskva şəhər mənzil kirayəsi mərkəzi” unitar dövlət müəssisəsinə həvalə olunmuşdur. Lakin “Rossiyskaya qazeta”nın yazdığına görə, Moskva hökuməti bu yeniliyi elan edən kimi, Federal Miqrasiya Xidməti (FMX) bu məsələyə müdaxilə etmişdir.
FMX-nin mətbuat xidməti rəsmən bildirmişdir: “Qeydiyyata alınma qaydası federal orqanların səlahiyyətinə aiddir və Moskva hökuməti belə bir qayda müəyyən edə bilməz”. Paytaxtda mənzillərini kirayə verənlərdən vergilərin tam yığılmaması məsələsinə gəldikdə isə, mətbuat xidmətinin bəyanatında deyilir ki, bu problem başqa üsullarla həll edilməlidir.
FMX Moskva üzrə idarəsinin mətbuat xidmətinin rəhbəri Zalina Kornilova demişdir ki, biz başqa şəhərlərdən gələnlərdən müvafiq müqavilənin ödənişli qeydiyyatını tələb edə bilmərik, çünki biz federal qanunları rəhbər tuturuq. Biz həmin şəxslərin çıxarış almaq üçün Mərkəzə müraciət etmələrini məsləhət görə bilərik, lakin çıxarış almaq üçün 380 rubldan çox pul ödənilməlidir.
Məqalədə daha sonra deyilir: “Pul ödəməyi kim istəyəcək? Əlbəttə, xoşagəlməz haldır ki, öz xüsusi mənzillərini kirayə verənlər şəhər xəzinəsinə lazımi məbləğdə vergi ödəmirlər. Bu pullar, xüsusən indiki böhran dövründə, şəhər üçün heç də artıqlıq etməzdi. Özü də, burada az məbləğdən söhbət getmir. Adi hesablama aparaq: FMX Moskva idarəsinin məlumatına görə, paytaxtda başqa şəhərlərdən gəlmiş 1,2 milyondan çox vətəndaş qeydiyyata alınmışdır. Onların əksəriyyəti mənzil kirayələyir, lakin elə həmin Mənzil kirayəsi mərkəzinin məlumatına görə, mənzil sahiblərindən yalnız 5,5 min nəfəri vergi ödəyir. Müxtəlif hesablamalara görə, bu səbəbdən yaranan itki 80 milyon rubldan 2 milyard rubla qədərdir. Lakin bunun əvəzini gəlmələrdən çıxmaq lazım deyil. Heç nəyə gərək olmayan reyestrdən çıxarış almaq üçün 380 rubl ödənilməsinə nə ad vermək olar? Bu, hec bir hüququ olmayan kirayənişin miqrantdan tutulan bir növ vergidirmi?”
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva