ROSTOKDA AZƏRBAYCAN GECƏSİ KEÇİRİLMİŞDİR
Almaniyanın Meklenburq Forpommern federal əyalətinin “Herder-Gezellschaft” Cəmiyyəti Rostok şəhərində “Azərbaycan özünü təqdim edir” devizi altında gecə keçirmişdir.
Varnemünde Turizm Mərkəzində keçirilən gecəyə əyalət parlamentinin üzvləri, İqtisadiyyat Nazirliyinin rəhbərliyi, Rostok şəhər bələdiyyəsinin nümayəndələri, işgüzar dairələrin və səhmdar cəmiyyətlərinin təmsilçiləri, Rostok Avropa Mərkəzinin işlər müdiriyyəti, Norveç Krallığının Rostokdakı konsulu, Azərbaycanın Almaniyadakı səfiri Hüseynağa Sadıqov və Rostokda yaşayan, işləyən, təhsil alan soydaşlarımız dəvət olunmuşdular.
Gecəni giriş sözü ilə açan “Herder-Gezellschaft ” cəmiyyətinin respublikamızla əlaqələr və layihələr rəhbəri Beeze Azərbaycanı Cənubi Qafqaz regionunun öncül ölkəsi kimi səciyyələndirdi, sözü öz ölkəsi haqqında geniş məlumat çatdırmaq üçün səfir Hüseynağa Sadıqova verdi.
Səfir dövlətçiliyimizin tarixi, indiki müstəqil Azərbaycan Respublikasının ərazisi, əhalisi, sərhədləri haqqında məlumat verərək, onun yeraltı və yerüstü təbii sərvətlərlə zənginliyindən, xalqımızın milli dəyərlərə söykənən mədəni irsindən söhbət açdı. O, ölkəmizdə baş verən ictimai-siyasi proseslər, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatlar, uğurla həyata keçirilən neft strategiyası barədə geniş məlumat verdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun mahiyyətini, acı nəticələrini açıqlayan səfir münaqişənin dinc yolla həll olunması istiqamətində Azərbaycan rəhbərliyinin səylərindən danışdı.
H.Sadıqov Azərbaycan gecəsini yüksək səviyyədə təşkil etdiklərinə görə “Herder-Gezellschaft” Cəmiyyətinə və Meklenburq Forpommern federal əyaləti rəhbərliyinə minnətdarlığını bildirdi.
Tədbir iştirakçılarına Azərbaycan haqqında film göstərildi.
Sonra gecənin qonaqları salonda Azərbaycan bədii sənətkarlıq nümunələrindən ibarət kiçik sərgiyə baxdılar, məlumat kitabçaları, buklet və prospektlər vasitəsilə ölkəmizlə tanışlığı davam etdirdilər.
Gecənin sonunda masa arxasında davam etdirilən söhbət zamanı cəmiyyətin ölkəmizlə bağlı gələcək əməkdaşlıq layihələri barədə Azərbaycan səfirliyi ilə mütəmadi məsləhətləşmələr aparmaq səyləri bəyənildi, kiçik humanitar yardım layihələrini Meklenburq Forpommern federal əyaləti və Azərbaycan arasında iqtisadi və mədəni əməkdaşlıq səviyyəsinə doğru inkişaf etdirməsi tövsiyə olundu.
Yusif Xəlilov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin