İDMAN
Ruediger Gecker: Əsas hədəfimiz “Baku World Challenge” yarışında mükafatçılar sırasında yer almaqdır
Yarışa ciddi hazırlaşmışıq. Əsas hədəfimiz yarışda mükafatçılar sırasında yer almaqdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində noyabrın 1-2-də Bakıda keçiriləcək FİA GT seriyasından “Baku World Challenge” avtomobil yarışları üzrə dünya çempionatının final mərhələsində iştirak edəcək Almaniyanın “Collaway Cometi RWT” komandasının nümayəndəsi Ruediger Gecker deyib.
Komandanın pilotları haqqında məlumat verən R.Gecker onların ölkə çempionatında qazandıqları nailiyyətlər barədə danışıb. Qeyd edib ki, havanın küləkli olması işimizə çətinlik törətsə də, yarışa hazırlığımız plana uyğun gedir. Bakıda olduğum üçün çox məmnunam. Şərq və Qərb mədəniyyətini özündə birləşdirən paytaxtınız insanı valeh edir. Bakıda mötəbər idman yarışlarının təşkil olunduğundan məlumatlıyam.
O qeyd edib ki, komandası ilk dəfədir “Baku World Challenge” yarışlarında iştirak edir. Yarışa yüksək səviyyədə hazırlıq gedir. Ümid edirəm ki, turnir sürətli avtomobil həvəskarları üçün əsl bayram olacaq.