CƏMİYYƏT
Rufat Tabasaranski: Xəzər qızılbalığının sənaye üsulu ilə artırılması imkanları öyrənilir
![Rufat Tabasaranski: Xəzər qızılbalığının sənaye üsulu ilə artırılması imkanları öyrənilir](/files/2023/3/1200x630/17006601314462519034_1200x630.jpg)
Neftçala, 22 noyabr, AZƏRTAC
Biz əminik ki, bugünkü tədbir bu növ balıqların dənizə buraxılması silsiləsindən birinci tədbirdir. Biz hər dəfə dənizə daha çox Xəzər qızılbalığı buraxacağıq. Ona da ümid edirik ki, Azərbaycanın digər istehsalçıları və balıqyetişdirmə müəssisələri də gələcəkdə bizə qoşulacaq.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Neftçala rayonunda Xəzər qızılbalığı körpələrinin dənizə buraxılması mərasimində iştirak edən LU-MUN HOLDİNG MMC-nin İdarə Heyətinin sədri Rufat Tabasaranski deyib.
O bildirib ki, Azərbaycanın Qırmızı Kitabına düşən Xəzər qızılbalığının populyasiyası son illər ərzində çox azalıb. “2020-ci ildən bəri isə biz Xəzər qızılbalığının artırılmasının öyrənilməsi və sənaye üsulu ilə çoxaldılması üzrə proqram işləyib hazırlayırıq. Ümid edirik ki, bu proqram populyasiyanı bərpa etməyə və bu balıq növünün Azərbaycanın balıqçılıq təsərrüfatlarında sənaye üsulu ilə buraxılmasını təşkil etməyə kömək edəcək”, - deyə R.Tabasaranski qeyd edib.
Lu-Mun Holding MMC-nin İdarə Heyətinin sədri göstərdikləri köməyə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, IDEA ictimai təşkilatına minnətdarlığını bildirib. O əlavə edib ki, bu proqramda Bakı Dövlət Universiteti və Türkiyənin İzmir Texnologiya İnstitutu da iştirak edirlər.
R.Tabasaranski Xəzər qızılbalığının sayı barədə məlumat verərək deyib: “Hazırda 2000 ədəd təşkil edir. Bu gün Xəzər qızılbalığının 300 körpəsi dənizə buraxılıb. İlk dəfə olaraq, sadəcə körpə deyil, 300 ədəd yetişdirilmiş balıq buraxılır və bu da onların sağ qalmasını yüksək səviyyədə təmin edir”.