Rumıniyada xidmət istehsalında azalma qeydə alınıb
Buxarest, 14 yanvar, AZƏRTAC
AvroStatın (Avropanın Statistika Agentliyi) açıqladığı son statistik məlumatlara əsasən, 2025-ci ilin oktyabr ayında Avropa İttifaqında və Avrozonada xidmət istehsalı illik müqayisədə orta hesabla 2,1 faiz artıb.
AZƏRTAC xəbər verir ki, Rumıniya bu göstərici üzrə azalma qeydə alınan Aİ ölkələri sırasında yer alıb.
Hesabatda bildirilir ki, bir sıra üzv dövlətlərdə nəqliyyat, logistika, informasiya texnologiyaları, turizm, maliyyə və peşəkar xidmətlər sahəsində müsbət dinamika müşahidə edilsə də, Rumıniyada xidmət sektorunun istehsal həcmi geriləyib. Bu meyil ölkə iqtisadiyyatında daxili tələbatın və biznes fəallığının zəifləməsi ilə əlaqələndirilir.
Analitiklərin qiymətləndirmələrinə görə, yüksək inflyasiya şəraiti, istehlak xərclərinin azalması və regional iqtisadi qeyri-müəyyənliklər Rumıniyada xidmət sektorunun inkişaf tempinə mənfi təsir göstərir. Eyni zamanda, Aİ üzrə xidmət istehsalında müşahidə olunan artım Avropa iqtisadiyyatında mərhələli bərpa prosesinin davam etdiyini göstərir.
Qeyd edək ki, xidmət istehsalı maddi məhsulların deyil, xidmətlərin yaradılması və göstərilməsi ilə bağlı iqtisadi fəaliyyəti əhatə edir. Bu kateqoriyaya nəqliyyat və logistika, rabitə, bank və sığorta, turizm, ticarət, informasiya texnologiyaları, konsaltinq və digər peşəkar xidmət sahələri daxildir. Xidmət istehsalı göstəricisi iqtisadiyyatda daxili tələbatın, biznes aktivliyinin və istehlakçı davranışlarının əsas indikatorlarından biri hesab olunur.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest