Rumıniyalı ekspert: Rusiyaya məxsus pilotsuz uçuş aparatları ilə bağlı insidentlər təkrarlana bilər
Buxarest, 30 iyul, AZƏRTAC
Rumıniyadan olan xarici siyasət üzrə ekspert Ştefan Popesku hesab edir ki, Ukraynada davam edən müharibə fonunda Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının Rumıniya sərhədi yaxınlığında yaratdığı insidentlər gələcəkdə də təkrarlana bilər.
AZƏRTAC xəbər verir ki, ekspert Rumıniyanın “Adevarul” qəzetinə müsahibəsində bildirib ki, ölkə yalnız diplomatik etirazlarla kifayətlənməməli, yaranmış təhlükəsizlik risklərinə qarşı uzunmüddətli və kompleks strategiya hazırlamalıdır. Onun sözlərinə görə, Qara dəniz və Aşağı Dunay bölgəsində vəziyyət yaxın dövrdə də gərgin olaraq qalacaq.
Ştefan Popesku qeyd edib ki, Rusiyanın Ukraynanın Odessa və Dunay sahilində yerləşən limanlarına zərbələri davam etdikcə, sərhəd bölgələrində pilotsuz uçuş aparatlarının nəzarətdən çıxaraq Rumıniya hava məkanına daxil olması ehtimalı da qalacaq. Ekspert bu halların Rumıniyaya qarşı məqsədli hücum olmadığını, lakin ölkənin milli təhlükəsizliyi üçün real risk yaratdığını vurğulayıb.
Onun fikrincə, Rumıniyanın indiyədək atdığı diplomatik addımlar beynəlxalq hüquq baxımından əsaslı olsa da, gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün kifayət etmir. Ştefan Popesku hesab edir ki, ölkə hava hücumundan müdafiə imkanlarını gücləndirməli, NATO müttəfiqləri ilə koordinasiyanı genişləndirməli və təhlükəsizlik sahəsində daha çevik qərarlar qəbul etməlidir.
Ekspert, həmçinin Rumıniya ilə Ukrayna arasında operativ əlaqələndirmə mexanizmlərinin təkmilləşdirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, sərhəd bölgəsində baş verən hadisələr zamanı məlumat mübadiləsinin daha operativ təşkili mümkün risklərin azaldılmasına kömək edə bilər.
Ştefan Popesku bildirib ki, Rumıniya mövcud vəziyyəti ayrı-ayrı insidentlər kimi deyil, Qara dəniz regionunda dəyişən təhlükəsizlik mühitinin tərkib hissəsi kimi qiymətləndirməlidir. Onun sözlərinə görə, həm milli səviyyədə, həm də NATO çərçivəsində qabaqlayıcı tədbirlərin gücləndirilməsi ölkənin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, son günlər Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının Rumıniya hava məkanını pozması ilə bağlı bir neçə insident qeydə alınıb. Bundan sonra Rumıniya Rusiyanın bir diplomatını ölkədən çıxarıb, Avropa İttifaqı isə Rusiyanın nümayəndəsini izahat vermək üçün Brüsselə çağırıb.