Rumıniyanın Qara dəniz sahilində PUA-nın qalıqları aşkarlanıb
Buxarest, 11 sentyabr, AZƏRTAC
Rumıniyanın Qara dəniz sahilində, Kapu Midiya ərazisində pilotsuz uçuş aparatına aid olduğu müəyyənləşdirilən qalıqlar aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, Rumıniyanın AGERPRES milli xəbər agentliyi ölkənin Müdafiə Nazirliyinin məlumatına istinadla bildirib ki, sentyabrın 10-da Hərbi Dəniz Qüvvələrinin partlayıcı sursatların zərərsizləşdirilməsi üzrə EOD qrupu Kapu Midiya çimərliyi ərazisinə göndərilib.
Mütəxəssislər aşkar edilmiş fraqmentləri yoxladıqdan sonra onların partlayıcı yük daşımadığını müəyyən ediblər. Qalıqlar yerində zərərsizləşdirilib.
Müdafiə Nazirliyinin məlumatına görə, axşam olduğu üçün ərazi dərhal təcrid olunub, təhlükəsizlik tədbirləri görülüb və texniki müdaxilənin növbəti səhər həyata keçirilməsi qərara alınıb.
Eyni gün Konstansa rayonunun Korbu yaşayış məntəqəsinə aid sahildə də yerli sakinlər ehtimal edilən PUA fraqmentləri barədə səlahiyyətli qurumlara məlumat veriblər. Polis və jandarm qüvvələri ərazini mühafizəyə götürüblər.
Hadisələr Qara dənizin qərb sahillərində pilotsuz uçuş aparatları ilə bağlı təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib. Rumıniya hakimiyyəti belə hallarda əhaliyə naməlum hərbi və ya uçuş aparatlarının qalıqlarına yaxınlaşmamağı və dərhal aidiyyəti qurumlara məlumat verməyi tövsiyə edir.
Qeyd edək ki, Qara dəniz regionunda təhlükəsizlik vəziyyəti Rumıniya tərəfindən son dövrdə həm milli müdafiə, həm də NATO-nun şərq cinahının təhlükəsizliyi kontekstində prioritet istiqamətlərdən biri kimi qiymətləndirilir.