Rusiya-Azərbaycan: İqtisadi əməkdaşlıq və tərəfdaşlıq imkanları müzakirə olunur
Bakı, 18 aprel, AZƏRTAC
Bakıda “Rusiya-Azərbaycan: Qarşılıqlı işgüzar fəaliyyət strategiyası, əməkdaşlıq və tərəfdaşlıq imkanları” mövzusunda dəyirmi masa keçirilir. Tədbir “Russian Business Guide” Nəşriyyat-Kommunikasiya Qrupu tərəfindən Rusiyanın Ticarət-Sənaye Palatası, Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyi, Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyi, “MBA-Moskva” Bankının (Azərbaycan Beynəlxalq Bankı) dəstəyi ilə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir hibrid formatında - Rusiyanın Ticarət-Sənaye Palatası ilə Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyi arasında videokörpü rejimində keçirilir.
Tədbiri giriş sözü ilə açan Rusiya Ticarət-Sənaye Palatasının vitse-prezidenti Maksim Fateyev bildirib ki, Rusiya Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir. O əlavə edib: “Azərbaycanda Rusiyanın iştirakı ilə 900-dən çox birgə müəssisə fəaliyyət göstərir ki, onların da 300-ü xalis Rusiya kapitalı ilə işləyir. Energetika, maşınqayırma, sənaye, nəqliyyat və digər sahələrdə əməkdaşlıq genişlənir. Rusiyanın 70-dən artıq subyekti Azərbaycanla fəal əməkdaşlıq edir, öz regional platformalarında Azərbaycan biznesini qəbul edən və Azərbaycandakı Rusiya müəssisələrinin qarşılıqlı biznes missiyalarını təşkil edən regional ticarət-sənaye sektorumuz da bu işdə fəal iştirak edir”.
Rusiya Ticarət-Sənaye Palatasının vitse-prezidenti Rusiya-Azərbaycan çoxtərəfli əməkdaşlığına toxunaraq qeyd edib ki, bu əlaqələr bütün istiqamətlər üzrə uğurla inkişaf edir. M.Fateyev deyib: “2016-cı ilin aprelində Rusiya Ticarət-Sənaye Palatasının tərkibində yaradılmış Rusiya-Azərbaycan İşgüzar Şurası biznes əlaqələrinin inkişafında mühüm alətdir. Bu qurumun fəaliyyəti işgüzar əlaqələrin genişlənməsinə, iki ölkənin sahibkarları arasında əməkdaşlığın inkişafına yönəlib. Müvafiq işgüzar əlaqələrin qurulmasında maraqlı olan və iqtisadiyyatın ən müxtəlif sahələrini əhatə edən həm Rusiya, həm də Azərbaycan kompaniyalarının sayı artır. Onu da qeyd edim ki, Rusiyanın bütün regionları Azərbaycanla əsas istiqamətlər - sənaye, nəqliyyat, gəmiqayırma, kənd təsərrüfatı və investisiyalar, rəqəmsal informasiya üzrə əlaqələrin genişləndirilməsində maraqlıdır”.
Azərbaycan Respublikasının Rusiya Federasiyasında ticarət nümayəndəsi Ruslan Əliyev çıxışında qeyd edib ki, hazırkı geosiyasi və iqtisadi situasiya Azərbaycana enerji ehtiyatlarının, neft, qaz və kimya məhsullarının tədarükü üzrə yeni dünya tələbatına uyğunlaşmaq şansı verir. O əlavə edib ki, 2024-cü ilədək olan dövrə qədər Rusiya-Azərbaycan əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə fəaliyyət planı həyata keçirilir. Bu plan ticarət, nəqliyyat infrastrukturu, iqtisadi səmərəliyin artırılması, turizm, innovativ əməkdaşlıq sahəsi və rəqəmsal iqtisadiyyat daxil olmaqla, altı yol xəritəsini ehtiva edir.
Rusiya Federasiyasının Azərbaycan Respublikasında ticarət nümayəndəsi Ruslan Mirsayapov Rusiya və Azərbaycan biznesmenləri arasında fəal əməkdaşlığın olduğunu vurğulayıb.
Müzakirələrdə Rusiya və Azərbaycanın biznes dairələrinin, Rusiya subyektlərinin hökumət nümayəndələri, ekspertlər, regional ticarət-sənaye palatalarının, logistika şirkətlərinin təmsilçiləri iştirak ediblər.