Rusiya azərbaycanlıları Azərbaycan Prezidentinin hər bir qərarını dəstəkləyəcəklər
Moskva, 4 aprel, AZƏRTAC
Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) prezidenti, akademik Məmməd Əliyev Azərbaycanın Dağlıq Qarabağ regionundakı son hadisələrlə bağlı bəyanatla çıxış edib.
Bəyanatda deyilir: “Bütün Azərbaycan xalqı kimi Ümumrusiya Azərbaycanlılar Konqresi də Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda yaranmış vəziyyətdən narahatdır.
Bu münaqişənin həllinə dair səmərəli plan işləyib hazırlamaq məqsədi ilə üçüncü tərəfin iştirakı ilə sülh danışıqları aparmaq üçün bütün cəhdlərə, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə və digər beynəlxalq təşkilatların sənədlərinə baxmayaraq, vəziyyət artıq 20 ildən çoxdur ki, dəyişməz qalır. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Bir milyondan çox azərbaycanlı doğma yurd-yuvasını tərk etmək məcburiyyətində qalıb”.
Akademik M.Əliyev qeyd edir ki, yaranmış problemi düzgün həll etmək üçün baş verənlərə dəqiq “diaqnoz” qoymaq lazımdır. Sənəddə deyilir: “Bu gün ölkəmizin rəhbərliyi bütün hərbi əməliyyatları birtərəfli qaydada dayandırmaq barədə müdrik qərar qəbul edib. Bu qərar Prezident İlham Əliyevin “Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək niyyətindədir” sözlərini bir daha təsdiq edir”.
ÜAK-ın prezidenti ümidvar olduğunu bildirib ki, erməni xalqı və Ermənistan rəhbərliyi müdriklik nümayiş etdirib qonşu dövlətlərə qarşı təcavüzkar siyasətdən əl çəkəcəklər: “Axı Azərbaycan ərazilərinin azad olunması əslində çoxillik münaqişəni həll edəcək və bütün regionda sülhü bərqərar edəcək. Rusiyanın Azərbaycan diasporu Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasına və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə töhfəsini yüksək qiymətləndirir.
Rusiya ilə Azərbaycanın strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərini, habelə Rusiya və Azərbaycan xalqlarının dostluq münasibətlərini heç bir qüvvə poza bilməz.
Rusiya azərbaycanlıları Azərbaycan Prezidentinin işğal olunmuş ərazilərin azad edilməsinə və qaçqınların doğma yurd-yuvalarına qaytarılmasına dair hər bir qərarını dəstəkləyəcəklər. Bütün regionda sabitliyin rəhni və inkişafın təməli də məhz bu olacaq.
Ümumrusiya Azərbaycanlılar Konqresi həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir”.
Fəridə Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva